Trend BİA və “Albayrak Media Group” şirkətinin birgə Media Layihəsi işə salınır

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkiyənin “Albayrak Media Group” şirkəti arasında beynəlxalq informasiya mübadiləsi sahəsində əməkdaşlığın genişlənməsi, xəbərlərin xarici informasiya məkanına inteqrasiyasına yönəlmiş birgə Media Layihəsinin işə salınması üçün hazırlıq gedir.

AzerTimes-ın məlumatına görə, hazırda yeni layihənin işə salınması ilə bağlı müasir rəqəmsal platformanın sınaqları başa çatır.

Layihə hər iki ölkədən xəbərlərin daha geniş miqyasda yayılmasını təmin edəcək.

Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Trend BİA və “Albayrak Media Group” birgə əməkdaşlıq platformasının yaradılması ilə bağlı razılıq əldə ediblər. Bununla bağlı, İstanbul şəhərində Niyyət Protokolu imzalanıb. Protokola görə ilk dəfə olaraq Azərbaycan və Türkiyə müstəqil media qurumları arasında müasir texnologiyalara əsaslanan media platformasının yaradılması planlaşdırılır.


“Albayrak Media Group”un daxil olduğu “Albayrak” holdinqinin İdarə heyətinin sədri Ahmet Albayrakla görüş zamanı Trend BİA-nın Baş direktoru İlqar Hüseynov və Milli Məclisin deputatı Sevil Mikayılova gələcək birgə əməkdaşlığın ümumi strategiyasını müzakirə ediblər.

Qeyd edək ki, “Albayrak Group” 1952-ci ildə yaradılıb. “Albayrak Group”un tərkibinə daxil olan “Albayrak Media Group” 1995-ci ildən Türkiyə mediasında fəaliyyət göstərir. “Yeni Şafak” qəzeti və “TVNET”, eləcə də “Derin History”, “Z Report”, “Lokma”, “Gender”, “Skyroad”, “Bilge Cocuk” və “Bilge Minik” ilə yanaşı, aylıq “Post Öykü” və həftəlik “Real Life” jurnalları ilə “Albayrak Media Group” media sektorunun liderləri arasındadır.

Teqlər: