Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktoru İlqar Hüseynov və agentliyin baş redaktoru Rufiz Hafizoğlu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüblər.
Görüş zamanı Türkiyənin bəzi əyalətlərində baş verən meşə yanğınlarında həlak olanların ailələrinə başsağlığı verilib.
Bununla yanaşı, Ermənistanın Azərbaycan və Türkiyə əleyhinə hibrid informasiya müharibəsi apardığı bir dövrdə Trend BİA və Türkiyə KİV-ləri arasında əlaqələrin genişləndirilməsi və bu informasiya müharibəsinə qarşı iki qardaş ölkə mediasının birgə mübarizəsinin labüdlüyü vurğulanıb.
Söhbət əsnasında səfirdən Türkiyə KİV-ləri ilə ortaq layihələrin davam etdirilməsi və ölkənin daha çox media qurumunun bu layihələrə qatılması üçün yardımçı olmağı istənilib.
Eyni zamanda, C.Bağçıya Trend BİA və Türkiyənin Albayrak Media Qrupunun təşəbbüsü ilə yaradılan və türkdilli dövlətlərin xəbərlərini özündə birləşdirən ilk türk rəqəmsal media platforması olan “Türk Dünyası” (www.turkic.world) layihəsinin təqdimatında dəstəyi, iştirakı və çıxışı üçün təşəkkür edilib.
Səfirə bildirilib ki, bu Media Platformasına Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi də qoşulub, yaxın zamanlarda isə Türkmənistan, Özbəkistan və Qazaxıstan xəbər agentliklərinin də qoşulacağı gözlənilir. “Türk Dünyası” (www.turkic.world) Media Platformasının rus və ingilis dillərində də fəaliyyətə başladığı bildirilib.
Səfir C.Bağçı “Türk Dünyası” Media Platformasının çox önəmli olduğunu və Azərbaycan-Türkiyə münasibətlərinin bir çox sahələrdəki kimi, media sahəsində də inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Trend və TASS informasiya agentlikləri tərəfindən təsis edilən “Еastweststream.com”(https://eastweststream.com/) birgə layihəsi haqqında da səfirə məlumat verilib. Qeyd edilib ki, bu layihəyə dünyanın nüfuzlu agentliklərinin qoşulması nəzərdə tutulur. Layihənin Şərq və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılamağı hədəflədiyi qeyd olunub.
Türkiyə Səfirindən Türkiyənin aparıcı xəbər agentliklərinin bu layihəyə qatılmalarına köməklik göstərməsi istənilib.