Xəbər - Vüqar İmanov – Trend:
Trend “Şuşa ili”çərçivəsində oxuculara “Mən Şuşada doğulmuşam”
adlı yeni layihəni təqdim edir. Bu layihə ictimaiyyətdə çox
tanınmayan şəxsiyyətlərə, onların həyatından maraqlı faktlara,
fəaliyyət və yaradıcılığına həsr olunub. Birinci məqalə Ağalar bəy
Əliverdibəyova həsr olunub.
Əliverdibəyovlar soyadı Azərbaycanda məşhurdur və musiqi
mədəniyyəti sahəsində tanınmış şəxslərin sırasında yer alır.
İstedadlı musiqiçilər sülaləsinin banisi Ağalar bəy Əliverdibəyov
(1880-1953) olub. Azərbaycanın müasir peşəkar musiqi sənətinin
banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli onu özünün ilk müəllimi
adlandırırdı. Ağalar bəy Əliverdibəyov Üzeyir Hacıbəylinin dayısı
idi.
Ağalar bəy Əliverdibəyov Şuşada 1880-ci ildə Şuşa qəzasının
Pərioğlular kəndində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib. O,
Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd
qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım
Vəzirovanın altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin
birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi
Üzeyir Hacıbəylinin anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy
Natəvanın başçılıq etdiyi “Məclisi-üns”ün yığıncaqlarında fəal
iştirak edirdilər. Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu
Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu. Həmçinin, Üzeyir
Hacıbəylinin atası Əbdül-Hüseyn bəy də Xurşudbanu Natəvanın şəxsi
katibi olub.
Erkən yaşlardan qeyri-adi musiqi istedadı nümayiş etdirən Ağalar
bəy yekunda texniki peşə sahibi olsa da, bütün həyatını musiqiyə
həsr edib. O, əmisi Seyid Mirbaba Vəzirovun (yazıçı və diplomat
Yusif Vəzir Çəmənzəminlinin atası) köməyi ilə muğam sənətinin
incəliklərinə yiyələnib. Xurşudbanu Natəvanın “Məclisi-üns”
məclislərindən ilhamlanaraq Şirin xanım musiqi gecələri təşkil edir
və burada Ağalar bəy qonaqların xahişi ilə xalq mahnıları, muğam
ifa edirdi. Balaca Üzeyir də bu məclislərdə əmisini dinləyir və
ondan bəzi mahnıları təkrarlamasını xahiş edirdi…
Çingiz Qacar “Köhnə Şuşa” kitabında xatırlayır: “Ələkbər bəyin
bütün uşaqları qeyri-adi musiqi qabiliyyətinə malik idi. Ağalar bəy
də istisna deyildi, köhnə Şuşada musiqi və nəğmə hər yerdə
eşidildiyinə görə o, musiqi biliklərinin əlifbasını evdə və məhəllə
dostları ilə ünsiyyətdə mənimsəmişdi. Muğamı və onun ifa
qaydalarını daha dərindən öyrənməkdə uşağa dayısı Mirbaba bəy
Vəzirov kömək etmişdi. Pedaqoji istedada malik, yüksək təhsilli
Mirbaba bəy bacısı oğlunun bir şəxsiyyət və Azərbaycan musiqisinin
nəzəri əsaslarını bilən adam kimi formalaşmasında böyük rol
oynamışdı. Eyni zamanda tez-tez getdiyi Natəvanın sarayındakı
mədəni-maarif ab-havası da şübhəsiz, ona böyük təsir göstərmişdi.
Çox sevdiyi muğamların təcrübi ifa məktəbini Ağalar bəy həmin
illərdə Şuşada məşhur xanəndə kimi tanınan Muxtar Bədəlbəylinin
yanında keçmişdi. Ağalar bəy bacısı Şirin xanımın musiqi
axşamlarında tez-tez iştirak edirdi”.
Ağalar bəy ilkin təhsilini əvvəlcə məhəllə məscidi nəzdindəki
məktəbdə, daha sonra rus-Azərbaycan məktəbində alır. O, Şuşa real
məktəbinə daxil olur və burada texniki fənlərlə yanaşı, rus, alman,
fars və latın dillərinə yiyələnir, tarixi, ədəbiyyatı yaxşı
öyrənir.
O, 1901-ci ildə Peterburq Texnoloji İnstitutunu, sonra isə
Varşava İnşaat İnstitutunu bitirmişdi. Gənc mütəxxəssis 1913-cü
ildə vətənə qayıtmış, Bakı şose yolları idarəsində mühəndis
vəzifəsində işləmişdi. A.Əliverdibəyov 1922-ci ildə idarə rəisi
təyin olunur və Kommunista partiyasına üzv olmağı tələb edilir. O,
bu təklifdən imtina etdiyi üçün vəzifədən azad edilir. Bir müddət
sonra A.Əliverdibəyov Bakı Sovetinə baş mühəndis işinə dəvət
olunur. Partiya ilə bağlı məsələ təkrar olunduğu üçün o, yenidən
işi tərk etməli olur. O, həmçinin gözəl muğam bilicisi kimi
A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs
demişdi. Daha sonra əfsanəvi ifaçıya çevriləcək gənc Şövkət
Ələkbərova da ondan dərs alıb.
Ağalar bəy Əliverdibəyov Məhbubə xanım Uğurlubəyovla ailə
qurmuşdu. Onların övladları pianoçu Nüşabə Əliverdibəyova
(1924-2006), bəstəkar Nazim Əliverdibəyov (1926-1986), skripkaçı
Rasim Əliverdibəyov (1930-1993) və dirijor Kazım Əliverdibəyov
(1934) milli sənətin inkişafına böyük töhfə veriblər.
Öz dövrünün maarifçi ziyalılarından olan Ağalar bəy
Əliverdibəyov Şuşanın mədəni həyatında fəal iştirak edir, öz
ətrafında muğam ifaçılarını toplayır, incəsənət barədə söhbətlər
təşkil edirdi. Onların evindəki ədəbi-musiqi gecələri Cabbar
Qaryağdıoğlu, Qurban Primov, Seyid Rüstəmov, Asəf Zeynallı kimi
xanəndə və musiqiçiləri toplayırdı.
Vaxtilə Ağalar bəy gənc qohumu Üzeyirdə qeyri-adi istedadı görüb
və ona not biliklərinin əsaslarını, tar və qavalda ifa etməyi
öyrədib.
Əməkdar incəsənət xadimi, Dövlət Akademik Opera və Balet
Teatrının dirijoru, professor Kazım Əliverdibəyov xatırlayır: “Atam
musiqini çox sevsə də, bizim musiqi təhsili almağımızda o yox, məhz
Üzeyir bəy təkid edib. Böyük bacım Nüşabə Tibb İnstitutuna daxil
olsa da, hamıdan gizli olaraq konservatoriyaya da sənədlərini verib
və nəticədə iki diplom alaraq ömrünün sonuna kimi musiqi məktəbində
dərs deyib. Qardaşım da həm konservatoriyaya, həm də indiki
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olımuşdu.
Bunu öyrənəndə Üzeyir bəy rektordan onun universitetdən
çıxarılmasını tələb edib və bildirib ki, ona musiqi sahəsində böyük
ümidlər var. Elə də oldu, Nazim Əliverdibəyov bəstəkar oldu və uzun
illər Bülbül adına Xüsusi musiqi məktəbinə rəhbərlik etdi. Digər
qardaşım Rasim konservatoriyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli
adına simfonik orkestrdə işləyib”.
Onlar bir yerdə insanları Stalin repressiyalarından xilas
ediblər. O zaman Almaniyada təhsil almış qohumlarından birini
Sibirə sürgün etmək qərarı veriblər. Bunu öyrənən Ağalar bəy
Əliverdibəyov Üzeyir Hacıbəyliyə zəng edib. O isə bildirib ki, bu
məsələdə yalnız Azərbaycan Kommunist Partiyasının birinci katibi
Mircəfər Bağırov kömək edə bilər.
Kazım Əliverdibəyov xatırlayır: “Yəqin ki, Üzeyir bəyə psixoloji
baxımdan ölkənin birinci şəxsinə zəng etmək çətin idi. Məsələ
ondadır ki, 1938-ci il Azərbaycan mədəniyyəti ongünlüyündə Stalin
ilk dəfə “Koroğlu” operasını eşidir və bəyənir. O, Üzeyir bəyin
hansı ildən partiya üzvü olduğu ilə maraqlanır. Ona cavab verirlər
ki, qardaşı Ceyhun bəy xaricdədir və sovet Azərbaycanı əleyhinə
çıxışlar edir. Stalin deyir: “Qardaş qardaşa görə cavabdeh deyil”.
Bağırov isə soruşur ki, ona xasiyyətnaməni kim verəcək. Stalin
cavablayır: “Mən, ikinci isə sən”. Beləliklə, Üzeyir Hacıbəyli
partiya üzvü olur, Bağırov isə ona əlaqə üçün telefon nömrəsini
verir.
Bağırovla əlaqə saxlayan Üzeyir bəy qohumu ilə bağlı vəziyyəti
ona başa salır. Səhər isə qohumlarının ardınca gəlib onları
Krasnovodska aparacaq gəmiyə getmələrini bildirirlər. Artıq gəmidə
olarkən maşın yaxınlaşır və içindən çıxan şəxslər Ələkbər Əliyevin
kim olduğunu soruşurlar və gəmidən evə qaytarıblar”.
Ağalar bəy Əliverdibəyov mindən çox xalq mahnı və təsniflərinin
mətnini toplamışdı. O, həm də Azərbaycanda musiqi tarixi üzrə ilk
ensiklopedik əsər olan “Musiqi tarixi” kitabını yazıb. Bu tədqiqat
işi ilə yanaşı, o, bəstəkarlıq sahəsində də qələmini sınayaraq,
“Harun ər-Rəşid” muğam operasını bəstələyib.
(Tərcümə: Orxan Nəbiyev)