Trend BİA ilə DHA arasında Anlaşma Memorandumu imzalanıb (FOTO/VİDEO)

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə
Türkiyənin nüfuzlu media qurumlarından biri olan Demirören
İnformasiya Agentliyi (DHA) arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.

Memorandumu Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu
və Demirören İnformasiya Agentliyinin baş direktorunun müavini
Bülənt Ovacık imzalayıb.

Sənədə əsasən, Demirören İnformasiya Agentliyi və Trend BİA
qarşılıqlı xəbər mübadiləsi aparacaqlar.

İmzalanma mərasimində çıxış edən Milli Məclisin deputatı Sevil
Mikayılova Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyevanın məhz Azərbaycan mediasının inkişafına yönəlik səyləri
nəticəsində bu gün Azərbaycan mediasının sözün əsl mənasında çox
böyük bir inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın qayğısı və diqqəti ilə mümkün
olmuşdur.

İmzalanan bu memorandum gələcək birgə addımlarımızı
müəyyənləşdirəcək, bizim dünyada haqq səsimizi daha da
gücləndirəcək. Azərbaycan və Türkiyənin bütün dünya ölkələrinə
göstərəcək potensialı var və bu potensialın üzə çıxarılması,
obyektiv olaraq işıqlandırılmasında məhz bizim işbirliyimizin də
bir töhfəsi olacaqdır”, – deyə Sevil Mikayıloava vurğulayıb.

Mərasimdə çıxış edən Trend BİA-nın baş direktor müavini Rufiz
Hafizoğlu və Demirören İnformasiya Agentliyinin baş direktorunun
müavini Bülənt Ovacık da sənədin Azərbaycan və Türkiyə arasında
media əlaqələrinin daha da inkişaf etməsinə töhfə verəcəyini
bildiriblər.

R.Hafizoğlu deyib ki, Trend İnformasiya Agentliyi sözün əsl
mənasında öz təsir dairəsini və oxucu kütləsini genişləndirmə
mexanizmini ənənə halına gətirib: “Bundan əvvəl də Özəbkistanla bir
memorandum imzalanıb. Hesab edirəm ki, bu imzalanan memorandum
Trend İnformasiya Agentliyinin və eyni zamanda, Azərbaycan
həqiqətlərinin dünyaya və daha böyük oxucu kütləsinə çatdırılması
üçün vasitə olacaq”.

Demirören İnformasiya Agentliyinin baş direktor müavini Bülənt
Ovacık isə qeyd edib ki, Trend İnformasiya Agentliyi ilə DHA-nın
birliktə ərsəyə gətirəcəyi layihələr türk dünyasının media
sahəsində olan əməkdaşlığına mühüm töhfə verəcək.

“Media agentlikləri arasında yaranan bu əməkdaşlıq Türkiyə və
Azərbaycan həqiqətlərinin həm iki ölkədə, həm də dünyada bir çox
dillərdə yayılmasına imkan yaradacaq.

Azərbaycan mətbuatı ölkənin haqq səsinin dünyaya
çatdırılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə
təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə
çalışır. Trend BİA ilə DHA arasında əməkdaşlıq Azərbaycan və
Türkiyədə müstəqil medianın, peşəkar jurnalistikanın inkişafına öz
dəstəyini verəcək”, – o vurğulayıb.

Teqlər: