Trend BİA-da Xarici layihələr direksiyası yaradılıb

Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) Xarici layihələr direksiyası yaradılıb.

Direksiyanın fəaliyyətinə agentliyin xarici layihələrinin idarə olunması daxildir. Qeyd etmək lazımdır ki, Trend BİA tərəfindən Fransa (lagazetteaz.fr) və Avstriyada (dasfazit.at) geniş fəaliyyət dairəsini əhatə edən mediaşirkətlər yaradılıb. Direksiyanın Bakı ofisinin ştatının genişləndirilməsi planlaşdırılır. Bununla yanaşı, xaricdə müvafiq ofislərin açılması üzrə iş aparılır.

Paralel olaraq türk ölkələrinin nüfuzlu KİV-lərinin qoşulacağı “Türk dünyası” (www.turkic.world) layihəsinin inkişafı üzrə iş aparılacaq. TASS-la birgə Eastweststream.com layihəsi üzrə iş davam edir, bunun reallaşdırılması bütün dünyada geniş əlaqələrin yaradılmasını tələb edir.

Bundan başqa, Trend BİA yeni xarici layihələrin reallaşdırılmasını və genişləndirilməsini planlaşdırır.

Direksiyaya Rufiz Hafizoğlu rəhbərlik edəcək.

Qeyd edək ki, Trend müstəqil informasiya agentliyi 1995-ci ildə fəaliyyətə başlayıb. Trend fəaliyyəti dövründə regional mediaməkanın liderlərindən birinə çevilib.

26 il ərzində Trend kiçik özəl agentlik olaraq öz müştərilərinə kağız bülletenlər yollamaqdan dünya analoqlarından geri qalmayan, bir çox dünya KİV-inin həsəd apara biləcəyi rəqəmsal platformayadək böyük sıçrayış edib.

Trend BİA-nın nailiyyətlərindən biri Türkiyə, İran, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin mediaməkanında rəqabətqabiliyyətli səviyyədə fəaliyyətdir. 2010-cu ildə “Moody’s International” AzerTimes-ın statusunu beynəlxalq menecment səviyyəsində təsdiq etdikdən sonra Agentlik dünyanın ən nüfuzlu informasiya bazalarına çıxış əldə etdi və bu gün bunun nəticəsi agentliyin xəbərlərinin transmilli KİV-lərdə gündəlik yüzlərlə dərc olunmasıdır. Dünyada regiondan aparıcı xəbər tədarükçülərindən biri kimi qəbul olunan Agentlikdə Azərbaycan, ingilis, rus, türk, farsdilli xəbərlər xidməti fəaliyyət göstərir.

Qərəzsiz informasiya siyasəti yürütməklə Agentlik öz işini beynəlxalq tələblərə uyğun olaraq qurub. Trend BİA “European News Websites To Follow in 2021” təşkilatının Avropanın nüfuzlu media resurslarının reytinqində üçüncü yerdə qərarlaşıb və “EU Reporter” və “Euractiv” kimi nəhəngləri qabaqlayıb.

Trend dünya informasiya məkanına inteqrasiya üzrə strategiyasını reallaşdırmağa davam edir.

Teqlər: