Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin ofisində
türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk
Dünyası”nın (Turkic.World) bir illik fəaliyyətinin nəticələri
müzakirə olundu.
Trend xəbər verir ki, tədbirdə Türkiyənin “Albayrak Media
Group”unun rəhbəri Ömər Karaca, Trend BİA-nın baş direktor müavini
Rufiz Hafizoğlu, Trend BİA-nın Baş direktor müavini Sahil Kərimli,
Trend BİA-nın baş redaktoru Emin Əliyev və digər qonaqlar iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan Sahil Kərimli bildirib ki, “Türk
Dünyası” (Turkic.World) media platforması ötən bir il ərzində bir
çox ciddi uğurlara imza atıb.
“Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci
Vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqət və qayğısı
nəticəsində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm
qoyub. Media qurumlarımızın, jurnalistikamızın nüfuzu əhəmiyyətli
şəkildə yüksəlib. Bunun nəticəsidir ki, son zamanlar gənc
mütəxəssislərin mediaya marağı artıb, peşəkar kadrların
yetirşdirilməsi prosesi uğurla davam edir.
Bu gün bizim əsas məqsədimiz Azərbaycan həqiqətlərini və haqq
səsimizi dünyaya çatdırmaq, Azərbaycanın milli və dövlət
maraqlarını müdafiə etməkdən ibarətdir. 44 günlük Vətən müharibəsi
zamanı biz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin informasiya cəbhəsində apardığı qətiyyətli mübarizənin
şahidi olduq. Müharibə zamanı dövlətimizin başçısının dünyanın
müxtəlif media qurumlarına, tanınmış televiziya kanallarına verdiyi
müsahibələrdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə
etməsi, Qarabağ həqiqətlərini dünyaya çatdırması biz media
nümayəndələri üçün bir örnək oldu. Bu, həm də gələcək fəaliyyətimiz
üçün yol xəritəsi idi.
Vətən müharibəsinin şanlı günlərində Birinci Vitse-prezident
Mehriban Əliyevanın müsahibəsindən bir sitatı xatırlatmaq
istəyirəm: “Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın
mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də
kompüter qarşısında””, – deyə o əlavə edib.
S.Kərimli qeyd edib ki, bu çağırışlar media nümayəndlərinin də
qarşısında ciddi və məsuliyyətli vəzifələr qoyur, dəqiq, konkret
hədəflərimizi müəyyənləşdirir: “Məmnunluq hissi ilə vurğulayırıq
ki, “Türk Dünyası” (Turkic World) layihəsi də bu mənada
gözləntilərimizi doğruldub, inkişaf edib. Cəmi 1 il ərzində
layihəyə türkdilli ölkərin bir neçə nüfuzlu media orqanı, hətta
dövlət qurumları da qoşulub. “Türk Dünyası” media platformasının
Azərbaycan, türk, qırğız, türkmən, qazax, özbək, həmçinin, ingilis
və rus dillərində fəaliyyət göstərməsi imkan verir ki, biz daha
böyük oxucu auditoryası qazanaq və türk dünyasının səsini bütün
dünyaya çatdıraq”.
Tədbirdə çıxış edən “Albayrak Media Group”un rəhbəri Ömər Karaca “Türk Dünyası” (Turkic.World) media platformasının cəmi bir il
ərzində qazandığı uğurları vurğulayıb. “Unikal rəqəmsal platformada
qurulan bu layihə cəmi bir il ərzində türkdilli ölkələrin qabaqcıl
media qurumlarını bir araya gətirib. Layihədə artıq Özbəkistanın “UzA” Milli İnformasiya Agentliyi, Qazaxıstanın “Kazinform” Dövlət
İnformasiya Agentliyi , Qırğızıstanın “Kabar” Milli İnformasiya
Agentliyi və Türkmənistan Xarici İşlər Nazirliyi iştirak edir. “Türk Dünyası” (Turkic.World) media platforması Azərbaycan, türk,
qırğız, türkmən, qazax, özbək dillərində fəaliyyət göstərir” – deyə
o, qeyd edib.
Ömər Karaca Turkic.World layihəsinin uğurlarından məmnunluğunu
bildirərək layihəyə yeni nailiyyətlər arzulayıb.
Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu isə bildirib
ki, Azərbaycan mediasının yeni inkişaf mərhələsinin məhsulu olan “Türk Dünyası” (Turkic.World) media platforması keçən il İstanbulda
keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı
ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum
(IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda, Turkic.World “Teknofest 2022” aerokosmik və texnologiya festivalının rəsmi media
tərəfdaşıdır.
Tədbirdə çıxış edən Trend BİA-nın baş redaktoru Emin Əliyev də
Azərbaycanda ölkə rəhbərliyinin mediaya göstərdiyi xüsusi diqqət
nəticəsində mediamızın sürətli inkişafından bəhs edib.
E.Əliyev bildirib ki, Prezident İlham Əliyev və Birinci
Vitse-prezident Mehriban Əliyevanın mediaya olan xüsusi diqqət və
qayğısı nəticəsində bu gün Azərbaycan mediası yeni inkişaf
mərhələsinə daxil olub. Bunun göstəricisidir ki, bu gün Trend BİA
bir çox beynəlxalq layihələrə imza atır. “Türk Dünyası”
(Turkic.World) media platforması da bu layihələrdən biridir.
Qeyd edək ki, “Türk Dünyası” (Turkic.World) media platforması
2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyevin dəstəyi ilə, Trend Beynəlxalq İnformasiya
Agentliyi və Türkyənin “Albayrak” Media Qrupunun əməkdaşlığı
nəticəsində fəaliyyətə başlayıb.