Trek velosipedi üzrə mövsümün açılış yarışı keçirilib (FOTO)

Respublika Velotrekində trek velosipedi üzrə mövsümün açılış
yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən
AzerTimes-a bildiriblər ki, 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə
həsr edilmiş yarışda 50-yə yaxın idmançı iştirak edib. Reqlamentə
əsasən, velosipedçilər əvvəlcə 2 kilometr məsafəyə fərdi ötüşmə
növündə mübarizə aparıblar. Qrup ötüşməsində isə qızlar 10,
oğlanlar 20 kilometr məsafə qət ediblər.

İki növün cəminə əsasən, qızlar arasında Radha Şabanova fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə ikinci,
Məryəm Əfqanzadə üçüncü olublar.

Oğlanların yarışında Əmral Abduləzizli ən yaxşı göstərici ilə
birinci yeri tutub. Şahin Eyvazov və Aqşin Bağırlı isə müvafiq
olaraq 2-3-cü yerdə qərarlaşıblar.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən
medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Teqlər: