Donald Trampın iki əsas müşaviri ona prezident seçkisində qalib gələcəyi təqdirdə Ukraynada müharibəyə son qoymaq planını təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Tramp Ukraynanın yalnız Rusiya ilə sülh danışıqlarına girəcəyi təqdirdə ABŞ-dan hərbi yardım almağa davam edəcəyini də nəzərdən keçirir.
Trampın 2017-2021-ci illərdə prezidentliyi dövründə ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına rəhbərlik etmiş Kit Kelloq və Fred Fleyts tərəfindən hazırlanmış plana görə, Rusiya və Ukraynanı tez bir zamanda danışıqlar masasına oturtmaq və üstünlük təşkil edən cəbhə xəttinə əsaslanan barışıq əldə etmək vacibdir. Bildirilir ki, Trampa təqdim edilən plana o, müsbət yanaşıb.
“Eyni zamanda, ABŞ Moskvanı xəbərdar edəcək ki, Kiyevlə danışıqlardan istənilən imtina Amerikanın Ukraynaya hərbi dəstəyinin artmasına gətirib çıxaracaq”, – bunu Trampın milli təhlükəsizlik üzrə müşavirlərindən biri, istefada olan general-leytenant Kelloq qeyd edib.