Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə həyata keçirmək istədiyi “sülh planı” həm Ukraynanı, həm də Rusiyanı sərt şəkildə hədələmək, onları dərhal danışıqlara məcbur etməkdir.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Trampın müşavirlərindən birinin sözlərinə görə, o, Kiyevi Moskva ilə danışıqlar masasına oturmağa məcbur etmək üçün Amerikanın hərbi yardımını dayandırmaqla Ukraynanı şantaj etməyi planlaşdırır. Öz növbəsində Tramp Ukraynaya silah tədarükünü artıracağı ilə hədələməklə Rusiyanı da buna məcbur etməyi planlaşdırır.
Trampın müşavirləri Larri Kudlou və Robert Obrayen də açıq şəkildə Putini sülh razılaşmasına sövq etmək üçün Rusiya Mərkəzi Bankına qarşı daha sərt sanksiyaların tətbiqinə təkid ediblər.
Eyni zamanda, mənbələr iddia edir ki, hazırda Tramp komandası bu mövzuda Rusiya və ya Ukrayna vasitəçiləri ilə heç bir danışıqlar aparmır.