24 mayda Florida ştatının qubernatoru Ron De Santis Respublikaçılar Partiyasından prezident seçkiləri kampaniyasına qoşulduğunu elan edib. ABŞ siyasi sistemində ilkin mərhələdə partiyadan namizəd olmaq uğrunda daxili mübarizə başlayır və sonda hər partiya daxilində seçkilər keçirərək (praymriz) öz namizədini irəli sürür.
De Santis Respublikaçılar Partiyasında böyük nüfuza malikdir, amma buna baxmayaraq, Donald Trampı məğlub edəcəyi çətin görünür. İstənilən halda De Santisin seçki kampaniyasına qoşulmağı Trampı qəzəbləndirib. Tramp partiyanın əsas namizədi hesab olunur və respublikaçıların elektoratının böyük əksəriyyəti namizəd qismində məhz Trampı görsə də, De Santis güclü rəqib hesab olunur və partiyadaxili mübarizə Trampdan əlavə resurs, güc ortaya qoymağa tələb edəcək. Buna görə də ABŞ-da asan praymriz hər bir namizədin arzusudur.
İndi isə Tramp və De Santis açıq siyasi rəqabət aparacaqlar və bu rəqabət istənilən halda demokratların xeyrinə işləyəcək, ona görə ki, demokratların vahid namizədi Baydendir və o, bütün gücünü ancaq prezident seçkilərinə səfərbər edəcək, partiyadaxili mübarizəsi isə olmayacaq.
Maraqlısı odur ki, Respublikaçılar Partiyasının elitası Ron De Santisi dəstəkləyir: Buş klanı, Arnold Şvartsenegger, Sindi Makkeyn (mərhum senator Con Makkeynin həyat yoldaşı), İlon Mask, sabiq konqresmen Liz Çeyni (ABŞ tarixində ən nüfuzlu vitse-prezident hesab olunan Dik Çeyninin qızı), sabiq vitse-prezident Mayk Pens, Senatda respublikaçıların lideri Mitç Makkonnell və s.
Elitanın De Santisi dəstəkləməsinə baxmayaraq, təxminən 45 milyon seçicidən ibarət radikal elektorat Trampın yanındadır. Misal üçün əgər bu gün partiyanın daxilində seçkilər keçirilsə, Tramp 95% ehtimalla De Santis üzərində qələbə qazanacaqdı.
5 noyabr 2024-cü il seçkilərinə qədər vaxt hələ var və mübarizə artıq başlayıb. Respublikaçılar Partiyasının daxilində gərgin mübarizə istənilən halda Baydenin seçkilərdə qələbə şanslarını artırır.