ABŞ Prezidenti Cozef Bayden, 24 aprel 1915-ci il hadisələrinin ildönümü ilə bağlı açıqlamasında “soyqırım” ifadəsini istifadə etməsiylə 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reyqandan bəri “soyqırım” ifadəsini istifadə edən ilk ABŞ prezidenti oldu.
Bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib.
O bildirib ki, iki il əvvəl ABŞ Konqresinin hər iki qanadı, 1915-ci ildəki hadisələri “soyqırım” olaraq tanıyan qətnamələr qəbul etmişdi:
“İndiyədək həm Demokrat, həm də Respublikaçı Prezidentlər, Türkiyə ilə əlaqələri korlamamaq üçün bu mövzuda daima açıq mövqe tutmaqdan çəkiniblər. Görünən odur ki, Bayden fərqli və yalnış bir istiqamət seçib.
Təəssüflə qeyd etməliyəm ki, Bayden seçki kampaniyası dövründə də “Erməni Soyqırımını tanıyacağını” vəd etmişdir. Bu addımı yalnız siyasi dividentlərə hesablanan böhtan kimi səciyyələndirmək mümkündür.
Yaxın keçmişə nəzər salsaq görərik ki, ABŞ rəhbərliyi, Bill Klintonun dövründən etibarən 24 aprel tarixində anım açıqlaması ilə çıxış edir. Barak Obama və Donald Tramp da daxil olmaqla, prezidentlər öz bəyanatlarında indiyədək “Böyük Fəlakət” sözündən istifadə ediblər.
Tarixi təhrif edən bu iddialar 1905-1920-ci illərdə amansızcasına qətlə yetirilən, sözün həqiqi mənasında soyqırıma uğrayan milyonlarca türkün qətliamına qarşı göz yummaqdır.
“Soyqırım” məsələsində ABŞ-ın mövqeyi ənənəvi olaraq geo-siyasət kontekstində olub. İndiyədək Vaşinqton NATO-da mühüm partnyoru olan Türkiyə ilə bu məsələyə görə münasibətləri korlamasa da, Bayden siyasi karyerasının növbəti ədalətsiz qərarlarından birini verdi.
Baxmayaraq ki, 23 apreldə Cozef Bayden vəzifəyə gəldikdən sonra, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk dəfə olaraq telefon danışığı reallaşdırıb. O, Erdoğan kimi güclü iradəyə, siyasi təfəkkürə malik liderlə eyni siyasi arenada yan-yana gəlmək gücünə malik olmasa da, arxalandığı erməni lobbisinə jest olsun deyə Amerika kimi ölkənin maraqlarını, tarixi həqiqətləri heçə sayaraq böyük bir yanlışa yol verdi.
Donald Tramp Baydeni “zehinsiz” adlandırarkən Erdoğan kimi ağıllı, dünya miqyasında liderlə rəqabətə girə bilməyəcəyinin də mesajını vermişdir.
Bayden cəfəngiyatına ən tutarlı cavab heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin : “Əgər Türkiyə “soyqırım” etmiş olsa idi, geridə buna etiraz edə biləcək bir erməni qalmazdı!” sitatı idi.
Bəli, türk mehmetçiyinin, türk ordusunun şücaəti, rəşadəti qərinələrdən bura dillərə dastan, düşmənə gözdağıdır. Amma bu da, bir danılmaz faktdır ki, türk əsgəri tarixboyu nahaq qan tökməyib”.