ABŞ-ın keçmiş prezidenti, qarşıdakı prezident seçkilərinin respublikaçı namizədi olan şəxsinə sui-qəsd cəhdi sıradan hadisə deyil. Buna görə də hadisə ilə bağlı fərqli mülahizələr ortaya atılır.
Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev Donald Trampa sui-qəsd cəhdi haqda danışarkən deyib.
O bildirib ki, ilkin versiyaya görə, hadisəni Trampın rəqibləri təşkil edib:
“Tramp AB və digər ölkələrlə inteqrasiya əleyhdarıdır. Bu inteqrasiya prosesini gücləndirmək istəyənlər, Trampın iqtisadi siyasəti ilə razı olmayanlar, yaxud Trampın Rusiya ilə münasibətləri normallaşdırma siyasətini bəyənməyənlər, yəni Trampın rəqibləri – Demokratlar Partiyası, bu partiyanın dəstəkçiləri sui-qəsd ssenarisini cızıblar. Çünki onlar Trampı fərqli üsullarla – barəsində cinayət işi açaraq, Floridada Trampın 11 qərargah üzvünü tutaraq, Arizonada ilkin seçkiyə buraxmayaraq seçki prosesindən uzaqlaşdırmağa çalışdılar”.
Politoloq Trampın milli, cinsi, irqi azlıqlar tərəfindən hücuma məruz qala biləcəyi ehtimalına da toxunub:
“Tramp xüsusilə miqrantlara qarşı sərt siyasət yürüdüb. Ola bilsin, sui-qəsd Trampa xüsusi kin-küdurət bəsləyən bu kəsimlərdən birinin nümayəndəsi tərəfindən həyata keçirilib. Nəzərə almaq lazımdır ki, ABŞ kifayət qədər silahlanmış ölkədir. ABŞ-da silah əldə etmək elə də çətin bir şey deyil”.
O bildirib ki, Trampın partiyadaxili müxalifətin planı ilə sui-qəsdə məruz qala biləcəyi ehtimalı da mümkündür:
“Məsələn, Respublikaçılar Partiyası Trampın namizədliyinin qarşısını ala bilmədi. Ancaq fiziki olaraq onu məhv etsəydilər, yerinə daha fərqli namizəd çıxara bilərdilər. Eyni zamanda, Demokratlar Baydenin namizədliyini geri çəkmək istədilər, nail ola bilmədilər. Bəlkə, Tramp ortadan qaldırılarsa, Baydenin qazanma şansı yaranardı”.
Politoloq bildirib ki, hər nə qədər ilkin görünüşdə sui-qəsd cəhdi Trampın özünə xeyir versə də, ümumi anlamda ABŞ üçün müsbət heç nə vəd etmir:
“Ona olan hücumdan sonra qulağından qan açılsa da, məğrur duruşu, yumruq tutub, ictimaiyyətə səslənişi, tərəfdarlarının da ona yumruq işarəsi ilə cavab verməsi ilə demək istəyirlər ki, Tramp bu məsələdən güclü olaraq çıxdı. Bu da özülüyündə əlavə mülahizələrə səbəb olub. Bəziləri iddia edir ki, bu, daha öncədən düşünülmüş ssenaridir. Ancaq bu məsələdə kifayət qədər texniki çətinliklər olduğunu düşünürəm. Çünki Tramp qulağından yara alıb. Ani bir səhv onun həyatını itirməsinə səbəb ola bilərdi. Eyni zamanda hadisədə iki nəfər həyatını itirib. Burada Trampın əsas dəstəkçisi olan hərbi sənaye kompleksinin, neft lobbisinin, mühafizəkar elitanın rolu ola biləcyi də deyilir. Trampın özünün xəbəri olmadan, onu burada qurbana çevirmək və dəstəkçilərinin sayını artırmaq üçün belə bir ssenari ortaya qoya biləcəkləri iddia olunur. Amma bu iddianın əleyhinə olan motiv odur ki, güllə 1 neçə mm fərqli istiqamət alsaydı, Tramp həyatını itirəcəkdi. Risk payı olduqca çoxdur. İstənilən halda prezidentliyə namizəd olan bir şəxsin dünya ictimaiyyətinin gözü qarşısında belə bir sui-qəsd cəhdinə məruz qalması istər ölkə imici, istər beynəlxalq siyasi mühit üçün yaxşı heç nə vəd etmir. Bu, ABŞ-dakı qütbləşmənin, tərəflərarası gərginliyin daha da artacağını göstərir”.