Tramp vurulur: Ukrayna üçün həyəcanlı nüans…

Tramp vurulur: Ukrayna üçün həyəcanlı nüans…

Dünən Trampa qarşı federal səviyyədə ittihamlar irəli sürülüb. Belə hadisə ABŞ tarixində hələ olmayıb. Bir neçə ay əvvəl Nyu York Prokurorluğu Trampa maliyyə cinayətlərinə görə ittihamlar irəli sürmüşdü. İndi isə ittihamlar federal səviyyədə irəli sürülüb və Tramp 7 maddə üzrə ittiham olunacaq, o cümlədən casusluqda. Söhbət Trampın Ağ Evdən oğurladığı məxfi sənədlərdən gedir.

AzerTimes xəbər verir ki, ittihamlar 13 iyunda məhkəmədə irəli sürüləcək.

13 iyunda Tramp həbs oluna bilərmi? Çox güman ki, həbs olunmayacaq, amma ittihamlar həqiqətən ağırdır.

Prokuror ittihamlarını son dərəcədə güclü hazırlayıb və əsaslandırıb, bu baxımdan Trampın məsuliyyətdən yayınmaq ehtimalı olduqca aşağı qiymətləndirilir. Tramp həyatının sonuna kimi həbsdə qala bilər, bu, nəinki istisna olunmur, bu ssenari son dərəcədə real görsənir.

Tramp tərəfindən Ağ Evdən məxfi sənədlərin oğurlaması məsələsində çox ilginc və dövlət üçün qırmızı xətt sayılan məqam var.

2021-ci ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əks-kəşfiyyatı dünya üzrə bütün ofislərinə “tam məxfi” dərəcəsində teleqram göndərmişdi. Teleqramda deyilirdi ki, son aylar ərzində MKİ informatorlarının ifşası, qətlləri, girov götürülməsi, ələ alma və həbs halları kəskin (söhbət böyük rəqəmdən gedir) artıb. Həmin teleqramda əks-kəşfiyyat, MKİ-nin xarici ölkələrdə yerləşən ofislərinə daha ehtiyatlı fəaliyyət göstərməyə tövsiyə edirdi.

İnformatorlara gəlincə, söhbət 4 ölkədən gedir: Rusiya, İran, Çin, Səudiyyə Ərəbistanı.

Trampın Mar-a-Laqodakı iqamətgahında axtarış zamanı MKİ-yə məxsus informatorların siyahıları üzə çıxıb. 2021-ci ilin yanvarında Tramp bu sənədləri oğurlayır, 2021-ci ilin oktyabrında isə MKİ informatorlar arasında artan kəskin qətl, ifşa və həbs halları ilə bağlı həyəcan təbili çalır.

Düşündürücüdür.

13 iyunda səsləndirilən ittihamlar və məhkəmə seçkilərə təsir edəcəkmi? Birmənalı, amma Trampın seçki kampaniyasından kənara çəkilməsi sual altındadır. Kənara çəkiləcəksə, bu onun Respublikaçılar Partiyasının daxilində rəqibi Ron DeSantis üçün hədiyyə olacaq və DeSantis rahatlıqla 2024-cü ildə prezident seçkilərində Baydenin rəqibi olacaq.

Ron DeSantis prezident seçilsə, Azərbaycan, Ukrayna və dünya üçün Trampdan daha faydalı ola biləcəkmi? Kiçik fərqlə, amma olacaq.

Məsələnin başqa tərəfi odur ki, DeSantis Bayden üçün qat-qat təhlükəli rəqibdir və bu baxımdan Tramp demokratlara daha faydalıdır.

Birmənalı olmayan maraqlı durum yaranıb.

Hər kəsin razılaşdığı və mövqeləri üst-üstə düşdüyü bir məsələ var: Ukrayna ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qədər birmənalı və qeyd-şərtsiz qələbə qazanmalıdır.

Teqlər: