ABŞ-da Respublikaçı və Demokrat partiyaları arasında məsələlərə yanaşma fərqi var. Tramp da öz partiyasının yanaşmasının daşıyıcısıdır. Amma ABŞ bəsit ölkə deyil və hakimiyyətdə qüvvələr balansı var. Ona görə də xüsusilə xarici siyasət məsələləri təkbaşına həll edilmir. Hər şey bir anda dəyişməyəcək.
Bu sözləri AzerTimes-a Trampın seçiləcəyi təqdirdə ABŞ-ın Ukraynaya dəstəyinin azalması ehtimalı barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor işğalı qəbul etmənin qlobal xaosla nəticələnə biləcəyini bildirib:
“Trampın Ukrayna məsələsində yalnız kiçik ştrixlərlə nəsə dəyişiklik edə biləcəyini düşünürəm. Ancaq onun bütövlükdə Rusiya işğalını qəbul edəcəyi ağlabatan deyil. Çünki BMT ABŞ-ın əlində ən böyük silahdır. Təşkilatın əsas qurulma fəlsəfəsi isə bir ölkənin digər ölkənin torpaqlarını zorla ələ keçirməsinin, işğalının qarşısını almaqdır. Ona görə də Azərbaycan ABŞ-ın Ermənistana dəstəyinə rəğmən BMT TŞ-də dörd məlum qətnamənin qəbuluna və müharibə yolu ilə də olsa yerinə yetirilməsinə nail oldu. Fransanın cidd-cəhdlərinə baxmayaraq, orada ölkəmizə qarşı əsassız iddiaların ard-arda iki dəfə rədd edilməsinin də əsas səbəbi budur. Bu əsas meyarın görməzdən gəlinməsi isə BMT-nin, ümumiyyətlə sistemin altına dinamit qoyulması, dağılması demək olar. Heç kim belə sonu görünməyən və nəticəsi proqnozlaşdırılmayan riskə getməz”.