Əgər İsrail İranı vursa, Donald Tramp qalib gələcək. Çünki İsrail İranı vursa, dünya bazarında neftin qiymətində ciddi artım olacaq. Yadınızdadırsa, Co Bayden İsrailə məsləhət görürdü ki, İranın nüvə obyektlərini və neft yataqlarını bombalamayın. Qoca Bayden yaxşı başa düşür ki, İranın neft yataqlarının vurulması Kamala Harrisi bəri başdan bitirəcək. Donald Tramp isə İsraili İranın nüvə obyektlərini vurmağa çağırıb…
AzerTimes xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli yazıb.
Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi də Donald Trampa böyük üstünlük verir:
“Amerikalılar da, digər Qərb ölkələri sakinləri də yaxşı bilirlər ki, Donald Tramp Rusiya-Ukrayna müharibəsini durdura bilər. Bu amil də nəzərdən qaçmamalıdır…”
E.Həsənli Donald Trampın prezident seçilməsinin Azərbaycanın da xeyrinə olacağını düşünür:
“Donald Tramp prezident olanda ABŞ Ermənistanı tamamilə unutmuşdu. İndi isə Amerikanın pulları Ermənistana axır. Özü də su kimi. Böyük ehtimalla demək olar ki, Donald Trampın gəlişi Azərbaycan və Türkiyəyə Zəngəzur problemini həll etmək üçün də ciddi imkan yarada bilər.
Co Bayden 2021-ci ildə qondarma “erməni soyqırımı”nı tanıdı. 2023-cü ildə isə Azərbaycana qarşı 907-ci düzəlişin yenidən qüvvəyə minməsinə nail oldu. Aydındır ki, aşırı ermənipərəst olan Kamala Harris də eyni xətti yeridəcək”.