Tramp ermənipərəst çıxdı? – Bir statusun şifrəsi…

Tramp ermənipərəst çıxdı? – Bir statusun şifrəsi…

ABŞ prezidentliyinə namizəd Donald Trampın öz sosial şəbəkə hesabında “120 min erməninin xilası üçün Harrisin heç bir iş görmədiyini” bildirib, “onların dəhşətli şəkildə təqib edildiyi və məcburi şəkildə Qarabağdan köçürüldüyünü” yazması bəziləri, xüsusilə müxaliflərin onun da ermənipərəst olduğu haqda iddialar irəli sürməsinə səbəb olub. Guya Azərbaycan elə gözünü Trampa dikmişdi, o da erməniyanlı çıxdı – yəni rəsmi Bakı “yanlış siyasət” yürüdür.

Doğrudanmı Donald Tramp ermənipərəstdir?

Hər şeydən əvvəl hansısa ABŞ prezidentinin ermənipərəst, türkpərəst və s. “pərəst” olduğunu iddia etməyin özü yanlışdır. ABŞ-ın bütün prezidentləri amerikapərəstdir, öz ölkəsinin nəinki milli, imperialist maraqlarının müdafiəçisidir: Azərbaycan maraqlarına uyğun gəlirsə, Əfqanıstana hava dəhlizində və terrorizmə qarşı mübarizədə yanındadırsa, 907-ci düzəlişin tətbiqini dayandırır, Cənubi Qafqazın favorit ölkəsinin milli təhlükəsizliyinin gücləndirilməsi üçün yardımlar ayırır; nə vaxt ki, Əfqanıstan mövzusu qapanır, Rusiyaya qarşı bölgə ölkələrindən “dirəniş” tələb edir, cavab almayanda 907-ci düzəlişi bərpa edir, yardımı-dəstəyi dayandırır və siyasi təzyiqlərə baş vurur: konqresmenləri toplanıb, Azərbaycan əleyhinə qərar verməsi üçün “imza” yığası olur, Azərbaycanda insan haqlarının pozulması halı “aşkarlanır”, Ukraynanın terrorla öldürdüyü separatçıların qətliamını dəstəklədiyi gün Bakıda saxlanılan terrorçubaşıların azad edilməsinə çağırış edir və s.

ABŞ bu siyasətində kifayət qədər səmimidir və utanıb-eləmir: beynəlxalq prinsipləri öz maraqları üçün istismar etdiyini və onu yalnız hegemonluğunun alətinə çevirdiyini də gizlətmir.

Yəni nə Kamala Harris, nə də Donald Tramp türkpərəst və yaxud ermənipərəstdir – sadəcə, ABŞ-ın maraqları və imperializmi ilə bağlı fərqli yanaşmaları var. Kamala Harrisin təmsil etdiyi demokratlar dünyanın bölüşdürülməsində, yeni nizamın yaranmasında tamamilə fərqli bir yol tutublar, Donald Tramp isə bəzi dünya liderləri ilə “centlmen” razılaşma tərəfdarıdır: bəzi yerlərdə iddialarından geri çəkilib, bəzi yerlərdə daha çox almağı hədəfləyir!

Məsələn, Tramp Ukraynanı əsas güclərin maraqlarına bölməyin tərəfdarı olduğunu nümayiş etdirir; Cənubi Qafqazda da Rusiyanın maraqlarını tanımağa meyillidir;

Donald Tramp ABŞ-ın öz imperialist maraqları üçün külli miqdarda vəsait xərcləməsinin qəti əleyhinədir. O, ABŞ-ın keçmiş qüdrətini qaytarmaq istəyir – iqtisadi güc və yalnız iqtisadi ekspansiya! Hesab edir ki, ABŞ-ın bu illər ərzində trilyonlarla dolları daha fərqli istiqamətə xərclənməliydi, dolların dünyadakı dominantlığına təhlükə yaradılmamalı, sanksiyalarla özünü təcrid etməməliydi və s.

Donald Tramp heç bir halda Ermənistana və ya Ukraynaya nəticəsi bəlli olmayan milyonlar, milyardlar verməyəcək. Çünki ABŞ və AB-nin milyardlarının hədəfə çatmadığı, məsələn, Gürcüstan nümunəsində özünü göstərir. İllərlə bu ölkə Cənubi Qafqaz üçün “nümunə” olaraq hazırlandı, milyardlar xərcləndi, inqilablar baş verdi – nəticədə, Tiflisin regiondan kənarda yaşamağının mümkün olmadığı bir daha ortaya çıxdı.

Eyni məntiq Ermənistana da aiddir və Gürcüstanla müqayisədə Ermənistan daha acınacaqlı vəziyyətdədir. Çünki Gürcüstanın heç olmasa Qara dənizlə Avropaya çıxışı var, Ermənistan isə tam bir dalandır – bu ölkəni Avropaya süni şəkildə qaynaqlamaq mümkün deyil; həm də ona görə ki, Ermənistanın “qərbyönlü” siyasəti nəticəsində Rusiyadan iqtisadi asılılığı 70%-dən 85%-ə qalxıb.

Bunu Ermənistan da başa düşür və Kazanda Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşünün baş tutması da bunun nəticəsidir: təsadüfi deyil ki, Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüş üçün Kazanı seçməsinə görə xüsusi təşəkkürünü bildirdi.

Tramp praqmatik siyasətçidir, əsl biznesmendir və ölkəsinin iqtisadi-siyasi maraqlarını maksimum şəkildə qorumaq istəyir. Bunun üçün “artıq xərc və yüklərdən” mütləq imtina edəcək.

Bunu anlayan ABŞ-dakı erməni diasporu Trampı təhlükə elan edib, erməni politoloqlar isə Trampın seçiləcəyi halda Ermənistanı çətin günlər gözlədiyini etiraf edirlər. Ermənistan və erməni diasporu tam şəkildə demokratların namizədinə dəstək verirlər. Ona görə yox ki, demokratlar Cənubi Qafqazda bütün düzəni dəyişə və Azərbaycana ciddi şəkildə mane olmaq gücündədirlər – əgər belə olsaydı, Azərbaycan 23 saatlıq antiterror əməliyyatını keçirə və suverenliyini tam şəkildə bərpa edə bilməzdi. Sadəcə, Ermənistanın “keçidi” daha ağrısız başa vurması və Qərbdən maliyyə almağa davam etməsi baxımından Harrisin yürütdüyü siyasət maraqlarına daha uyğundur.

Donald Trampın “120 min erməni” məsələsinə toxunmasının səbəbi yalnız seçkidir. “Kamala Harris prezident olacağı halda dünyada xristianlar təhlükə altına düşəcək”, “mən xristianların təqib olunmasına imkan verməyəcəm”, “etnik təmizləməni durduracam”, “Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəm” kimi ritorika buna hesablanıb – 5 noyabr seçkilərinə 10 gün qalmış erməni diasporunu heç olmasa qismən neytrallaşdırmaq və Harrisə dəstəyini azaltmaq üçün.

Yeri gəlmişkən, Tramp Putinlə “ikitərəfli görüşü” haqda da danışmışdı: “Dedim ki, Vladimir, Ukraynanı təqib etsən, səni (Moskvanı nəzərdə tutur – red.) o qədər güclü vuracağam ki, inanmayacaqsan. Mən lənətə gəlmiş Moskvanın düz mərkəzini vuracağam. Dedim ki, biz dostuq, bunu etmək istəmirəm, amma seçimim yoxdur”.

Putinin bu sözlərə verdiyi dünənki cavab çox mühümdür: “Cənab Trampla belə bir söhbəti xatırlamıram. Bu cür bəyanatları ciddi qəbul etməyə ehtiyac yoxdur. Çünki ABŞ hazırda seçki kampaniyasının kəskin mərhələsindədir”.

Əvəzində Putin Trampın müharibəyə son qoymaq istəyini “səmimi” adlandırıb, onun bəyanatlarını alqışladığını bildirdi.

Vəssalam – bu qədər bəsit!

Teqlər: