Donald Trampın prezident seçilməsi beynəlxalq aləmdəki qüvvələr arasında balansa təsir etmək gücündədir. Misal üçün Tramp Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasının tərəfdarıdır. O, Ukrayna Prezidenti Vladimir Zelenskini az qala “dilənçi” adlandırıb. Ukraynaya yardımın dayandırılması müharibənin Rusiyanın xeyrinə dəyişməsi demək olacaq. Əlbəttə, Pentaqon və Dövlət Departamenti Trampa Ukraynaya dəstəyi dayandırmamağı məsləhət görəcəklər, ancaq keçmiş Ağ Ev sahibi bir sıra hallarda ətrafı ilə hesablaşmır.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sui-qəsd cəhdindən sonra Donald Trampın ABŞ prezidenti seçilmək şansının artması haqda qeyd edib.
Onun sözlərinə görə, Trampın Yaxın Şərq siyasəti də fərqli olacaq:
“ABŞ-ın hazırki Prezidenti Cozef Bayden İsrailə təsir etmək istəyir ki, Qəzza bölgəsinə hücum dayandırılsın, Fələstin amili nəzərə alınsın. Trampın belə bir dərdi yoxdur. O, birmənalı şəkildə İsrailə dəstəyin tərəfdarıdır. Məhz Tramp prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Təl-Əvivdən köçürülməsinə qərar verdi. Bu qərar Yaxın Şərq və Avropa ölkələrində narazılıq doğrusa da, Tramp öz bildiyini etdi.
Donald Trampın Çinə qarşı sərt iqtisadi siyasəti də bəllidir. O, prezident seçilən kimi Çin lideri Si Szinpinlə görüşüb geniş fikir mübadiləsi aparsa da, bu ölkə ilə ticarət mübadiləsinin Amerikanın zərərinə olduğunu vurğuladı. Çin məhsullarına əlavə vergilər tətbiq olundu. Tramp həm də ondan narazıydı ki, ABŞ şirkətləri ucuz işçi qüvvəsinə görə zavod və fabriklərini Çində açırlar. ABŞ-ın hazırki Prezidenti Cozef Bayden Donald Trampı tənqid etsə də, onun Çin siyasətini davam etdirir. Bayden administrasiyasının təlimatıyla Çin Hind və Sakit okean bölgəsində sıxışdırılır. Bu bölgə böyük güclər arasında yeni rəqabət meydanına çevrilib. Vaşinqton NATO-nu da bölgəyə cəlb edib. Vaşinqtonda keçirilən illik sammit zamanı NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə dörd yeni birgə layihəyə başlayacağını açıqladı. Bu arada, Vaşinqton Çində istehsal olunan yarımkeçiricilərin dünya bazarlarına çıxışını məhdudlaşdırmağa çalışır. Vaşinqtondakı rəsmilər və tədqiqatçılar bunu yeni “çip diplomatiyasının” bir hissəsi adlandırırlar. Tramp prezident seçilərsə Çinə qarşı bu məhdudiyyətlə daha da gücləndiriləcək.
Donald Trampın Cənubi Qafqaz siyasətinə gəldikdə, onun nə keçmişdə, nə də indi Amerikadakı erməni lobbisi ilə bağlılığının olmaması Azərbaycanın xeyrinədir. Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi birbaşa Amerikanın maraqlarına xidmət edir. Və ya Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də Amerika üçün əhəmiyyətlidir. Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq”.