TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır (MÜSAHİBƏ)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

TRACECA-nın normativ bazasının rəqəmsallaşması və uyğunlaşdırılması Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini dəfələrlə artırır.

Bunu AzerTimes-a TRACECA Hökumətlərarası komissiyasının daimi nümayəndəsi (milli katibi) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, avtomobil daşımaları sahəsində rəqəmsallaşma üzrə işlər aparılır. Bundan başqa, ölçülərinə və çəkilərinə görə avtomobillərin müxtəlif ölkələrdə fərqli göstəriciləri ilə bağlı normativ bazanıbn uyğunlaşdırılması layihələri müzakirə olunur:

“Biz elektron formatda vahid tranzit icazəsi layihəsi üzərində işləyirik. Bu, ölkələrin sərhədlərini bir sənэdlə keçməyə imkan verəcək. Hazırda bu prosesin həyata keçirilməsi üçün bir neçə üzv ölkənin icazəsi tələb olunur ki, bu da yük daşımalarının vaxtının uzanmasına və ləngiməsinə gətirib çıxarır”.

Milli katib bildirib ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı və Danimarkanın MAERSK şirkəti və digər təşkilatlarla birgə dəmiryol daşımaları sahəsində sənəd müzakirə olunur:

“Bu sənədin əsasında həm dəmiryolu, həm də dəniz limanları tərəfindən tanınan vahid multimodal sənədin hazırlanması nəzərdə tutulur. Bu cür sənədin olmaması limanlarda ləngimələrə səbəb olur. TRACECA-nın Azərbaycan hissəsi bir sıra modal infrastrukturların kəsişməsində yerləşir və rəqəmsal xidmətlərin əlçatanlığı marşrutun cəlbediciliyini artırır”.

R.Bayramov bildirib ki, TRACECA sərhəd (gömrük) məntəqələrində elektron növbə sistemi pilot layihəsini işə salmağı planlaşdırır və bununla bağlı dəhlizin üzv ölkələrinə təkliflər irəli sürülüb:

“Biz, xüsusilə pandemiya şəraitində sərhədlərdə avtomobillərin sıxlığını görürük. Bununla əlaqədar sürücülər günlərlə gömrükdə qalaraq çətinliklərlə üzləşir. Elektron sistemin olması yükdaşıyıcılarına əvvəlcədən məlumat almağa və sürücülər üçün növbə tutmağa imkan verəcək. Onun sözlərinə görə, bu layihə sürücülərin iş qabiliyyətinə müsbət təsir göstərəcək”.

O əlavə edib ki, Azərbaycan Bakı-Tbilisi-Qars, “Lapis Lazuli” (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi), “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizləri kimi iri layihələri reallaşdırıb və reallaşdırmaqda davam edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: