Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində Tovuz rayonunda tədbir keçirib.
AzerTimes xəbər verir ki, Tovuz rayon Gənclər Evində baş tutan görüşdə otuza yaxın şəhid ailəsi və qazilər iştirak edib.
Layihə rəhbəri Səməd Vəkilov çıxışında rəhbərlik etdiyi Müvəkkil Hüquq Mərkəzinin şəhid ailələri və müharibə iştirakçıları ilə işləməkdə böyük təcürbəsi olduğunu, uzun illər bu sahədə davamlı olaraq fəaliyyət göstərdiyini bildirib.
“Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də məhz şəhid ailələri, müharibə iştirakçılarına, qazilərin hüquqlarının təmin olunmasıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il bu sahəni dəstəkləyən layihələr həyata keçirir”, – S.Vəkilov bildirib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon təşkilatının sədri Tofiq Rəhimov və təşkilatın fəxri üzvü Əsgər Əsgərov, Fərrux Hacıyev, Rahim Qədimov iştirak edib.