Tovuzda qarət etdiyi evləri yandıran şəxs ələ keçdi

Tovuzda qarət etdiyi evləri yandıran şəxs ələ keçdi

Tovuzda oğurluq etdiyi evləri yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, həmin şəxsin rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ələkbərov olduğu müəyyənləşdirilib.

Belə ki, T.Ələkbərov iyul ayının 15-də Tovuz şəhərində evlərdən birinə daxil olaraq oradan pul və elektron saat oğurlayıb, sonra isə yandırmağa cəhd edib, yanğın söndürülüb.

İyul ayının 17-si səhər saatlarında isə Tovuz rayon Aşağı Öysüzlü kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin evin də T.Ələkbərov tərəfindən yandırıldığı məlum olub.

O, həmkəndlisinin evinə daxil olaraq oradan 39 000 manat oğurladıqdan sonra evi yandırıb.

T.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan pul vəsaiti maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Teqlər: