Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən
qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni
onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində
çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən məlumata görə, şöbə əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini
Əsgər Həsənov tanışı Asəf Qazıyevlə birlikdə sonuncuya məxsus
“Toyota” markalı avtomobillə rayonun Əlimərdanlı kəndinə gələrək
orada ölkə ərazisinə qeyri-qanuni yolla keçirilərək gizlədilən
narkotik vasitəni götürüb getmək istən zaman saxlanılıb. Saxlanılan
şəxslərin avtomobilinə baxış keçirilən zaman müxtəlif sellofan
torbalarda ümumi çəkisi 171.661 qram “heroin”, 488.214 qram
“metamfetamin” və 1 kq 715 qram qurudulmuş marixuana aşkar edilərək
götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər əcnəbi vətəndaşla
narkotik maddəni Bakı şəhərinə 1000 manat müqabilində aparmaq
barədə razılığa gəldiklərini bildiriblər.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil
verilib, faktla bağlı Tovuz RPŞ-də araşdırmalar davam
etdirilir.