Ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ən müasir cihazlarla təchiz edilib. Hazırda İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların sayının artırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
AQTİ-dən AzerTimes-a bildirilib ki, idxal-ixrac prosesinin sürətləndirilməsi məqsədilə AQTİ-nin nəzdində daha bir Fitosanitar Laboratoriyası Tovuz rayonunda fəaliyyətə başlayıb və ən müasir cihazlarla təchiz edilib. Tovuz Regional Sınaq Laboratoriyasında fəaliyyət göstərən Fitosanitar Laboratoriyasında ölkəyə idxal olunan və Azərbaycandan ixrac olunan bitki və bitkiçilik məhsullarında pomidor lağımlayıcı güvəsi (Tuta absoluta Meyrick), kaliforniya çanaqlı yastıcası (Quadraspidiotus pemicious) və digər zərərvericilərin aşkarlanması üçün müayinələrin həyata keçirilməsinə başlanılıb. Qeyd edək ki, sözügedən zərərvericilər fitosanitar riski və iqtisadi zərəri baxımından Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilib və Avropa qitəsində sürətlə yayılır.
Hazırda Tovuz Regional Sınaq Laboratoriyasının Mərkəzi Fitosanitar Laboraboratoriyasında çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçirilir.