Tovuz – səbir kasasını daşıran son damla oldu…

Tovuz – səbir kasasını daşıran son damla oldu…

Azərbaycan Silahlı Qüvvələrinin böyük qələbəyə doğru irəliləməsi 2016-cı ilin aprel döyüşlərindən, 2018-ci ilin Günnüt əməliyyatından və 2020-ci ilin Tovuz döyüşlərindən keçdi. Tovuz Döyüşləri Azərbaycan hərb tarixində qəhrəman əsgərlərimizin zəfərlərindən biri kimi qeyd olunur.

Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev 2020-ci ilin 12 iyul tarixində Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu ilə başlayan Tovuz Döyüşləri haqda qeyd edib.

“Bu döyüşlərdə Azərbaycan Ordusu Ermənistan hərbi birləşmələrinin hücumlarına cavab olaraq düşmənə ağır zərbələr endirdi və düşməni məğlubiyyətə uğratdı. Bir daha nümayiş etdirildi ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatının və qəfil hücumunun qarşısını qətiyyətlə almaqda heç bir çətinlik çəkmir. Tovuz Döyüşlərinin nəticəsində Azərbaycan general-mayor Polad Həşimovun şəhid olması xəbəri ilə qarşı-qarşıya qaldı. Kifayət qədər böyük nüfuza malik generalın şəhidliyi Azərbaycan xalqında ruh düşkünlüyü yaratmadı, əksinə, mübarizə əzmini kəskin şəkildə artırdı və torpaqların işğaldan azad edilməsi üçün çağırışlar kütləviləşdi. Tovuz Döyüşləri ölkəmizdə Prezident, xalq və ordu birliyinin bir daha təcəssümünə çevrildi. Xalqımız ayağa qalxdı, hər kəs döyüşmək və işğal altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması üçün yüksək döyüş əhval-ruhiyyəsi yarandı”, – o bildirib.

Ekspertin sözlərinə görə, məhz Tovuz Döyüşləri səbri daşıran son damla oldu və ermənilərin növbəti – 27 sentyabr təxribatı zamanı Ali Baş Komandan əks-hücum əmrini verdi:

“Nəticədə Azərbaycan Vətən müharibəsinə başladı və möhtəşəm zəfər çaldı. Biz Tovuz Döyüşlərini Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu böyük zəfərin səbəblərindən biri kimi dəyərləndiririk”.

Teqlər: