“Total” Bakıdan milyonlar qazanır, Paris də bizə qarşı…

“Total” Bakıdan milyonlar qazanır, Paris də bizə qarşı…

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Fransa ilə bağlı hökumətə çağırışının 4-cü bəndi “Total” da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasıyla bağlıdır. Haqlı çağırışdır. Hökumət tədbirlər görməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, “Total” Azərbaycanın zəngin “Abşeron” yatağından gəlir əldə edir və bu gəlirin bir hissəsi Fransa büdcəsinə yönəldir, bunun qarşılığında da Paris antiazərbaycan siyasətini davam etdirir:

“Bu, haqsızlıqdır və biz bu zənciri qırmaq məcburiyyətindəyik. Bəziləri deyir ki, “Total” transmilli şirkət olduğundan onu “Abşeron” yatağının istismarı ilə bağlı müqavilədən çıxarmaq olmaz, ölkəmizə qarşı beynəlxalq məhkəməyə müraciət edə bilər. Əlbəttə, bu risk hesablanmalıdır, ancaq buna seyrçi də qala bilmərik, elə etməliyik ki, “Total” yataqdakı payını başqa neft-qaz şirkətinə satsın.

Şirkət 2021-ci ildən “Total Energies” adlanır. Şirkətin Böyük Britaniyadan tutmuş Səudiyyə Ərəbistanına qədər varlı səhmdarları mövcuddur. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda şirkətin Böyük Britaniyadan olan səhmdarları “Total”a müraciət edərək, Rusiya bazarını tərk etməyə çağırdı. Şirkət rəhbərliyinin açıqlaması belə oldu ki, Rusiyadakı mövcud layihələrdən hələ ki, çıxa bilməzlər, ancaq Rusiyada yeni layihələrdə iştirak etməyəcəklər. Yəni şirkət rəhbərliyi lazım gələndə siyasi reallıqları nəzərə alır. Fransanın antiazərbaycan siyasətini davam etdirməsi və rəsmi Bakının Parisə adekvat cavab verməsi də siyasi reallıqdır və şirkət rəhbərliyi və şirkətin səhmdarları bununla hesablaşmalıdırlar. “Total” vaxtilə ona görə “Abşeron” yatağında pay sahibi oldu ki, Azərbaycanın Avropaya qaz nəqlində rol almaq istədi. Ukrayna müharibəsi fonunda Rusiyadan enerji asılığını azaldan Avropanın Azərbaycan qazına ehtiyacı var. Bu “Total” üçün də faydalı idi. Ancaq Fransanın antiazərbaycan siyasəti “Total”ın planlarına da zərbə vurdu və şirkət Parisin mövqeyinə təsir etmək üçün heç nə etmədi”.

Teqlər: