Xəbər - Çingiz Səfərli – Trend:
Torpaqlarımızın işğaldan azad olunmasını görmək ən böyük arzum idi. Bu arzunun gerçəkləşməsində payım olduğu üçün çox xoşbəxtəm.
Bunu AzerTimes-a açıqlamasında Vətən müharibəsi qazisi Rza Rəcəbli deyib. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş qazimiz düşmənin torpaqlarımızda qurduğu müdafiə xəttini böyük əzmkarlıqla dağıtdıqlarını bildirib:
“Bütün istiqamətlərdə, o cümlədən Füzulidə də ağır döyüşlər gedirdi. Düşmən postlarını ard-arda məhv edir, müdafiə xəttini yararaq, irəliləyirdik. Xoşbəxtəm ki, Azərbaycanın igid oğulları ilə bir yerdə çiyin-çiyinə vuruşmuşam. Oktyabrın 8-də üzümdən qəlpə yarası aldım. Sifətim iki hissəyə ayrılmışdı. Bakıda əməliyyat olundum, daha sonra məni bir qrup yaralı hərbçi ilə birgə müalicə üçün Türkiyəyə göndərdilər. Çox şükür, hazırda səhhətim yaxşıdır. Göstərilən dəstəyə, bizimlə maraqlandıqlarına görə təşəkkür edirəm”.
Qeyd edək ki, Rəcəbli Rza İsmayıl oğlu 1994-cü ilin noyabrın 3-də Bakıda anadan olub. Orta təhsilini Bakı şəhər 213 saylı orta məktəbdə alıb. Neft və Sənaye Universitetinin bakalavr və magistraturasını bitirib. Füzuli uğrunda gedən döyüşlərdə vuruşan qəhrəmanımız oktyabrın 8-də ağır yaralanıb, üzündən və ayağından qəlpə yarası alıb. Rza Rəcəbli “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə əməliyyat olunub.