Torpaqlarımızın azad olunması aqrar sahənin inkişafına geniş imkanlar açır – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Torpaqlarımızın işğaldan azad olunması, həmin ərazilərdə kənd təsərrüfatının inkişafına geniş imkanlar açır. Bu torpaqlarda pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı üçün potensial çox böyükdür.

Bunu AzerTimes-a Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında olarkən bu ərazilərdə aqrar sektorun inkişaf perespektivlərindən ətraflı bəhs edəndə bu məsələlərə bir daha aydınlıq gətirib və göstərib ki, 6-7 rayonun kənd təsərrüfat sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox maliyyə vəsaiti qazanacaqlar:

“Sözsüz ki, ölkə rəhbərinin tapşırıqlarına əməl edilib və 7 min hektarda əkin işləri aparılıb. Ancaq bu işin başlanğıcıdır. Builki mövsümdə 20-25 min hektarda əkin aparılması, bu günə kimi suvarılmayan 100 min hektar torpaq sahəsinə su verilməsi nəzərdə tutulur. Aqrar sahənin inkişafı üçün əsaslı layihələr hazırlanıb ki, bu da işlərin sürətlə həyata keçirilməsinə hesablanıb.


Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri, burada Horadiz – Zəngilan – Ağbənd dəmir yolunun təməlinin qoyulması, Laçın rayonunda Güləbird su elektrik stansiyasının açılışının edilməsi, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə start verilməsi, yaşıllıqların salınması, ağac əkilməsi, əkin sahələri ilə tanışlıq və sair tədbirlər göstərir ki, ölkə başçısının rəhbərliyi ilə erməni təcavüzkarları tərəfindən məhv edilmiş şəhər və kəndlərimiz, qırılmış meşələrimiz, viran qoyulmuş tarixi – mədəni, dini abidələrimiz, yararsız hala salınmış torpaqlarımız tez bir zamanda bərpa olunacaq. İnsanlar öz ata – baba yurdlarına qayıdacaq, əkin – biçin, quruculuq işləri uğurla davam etdiriləcəkdir”.

T.Rzayev vurğulayıb ki, Azərbaycan Prezidenti Qarabağın cənnətə çevriləcəyi mesajını dönə-dönə verməklə, heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz ifadəsini işlətməklə dünyaya, haqq səsimizi uzun illər eşitməyənlərə, erməni faşistlərinə dəstək olanlara, bir çox beynəlxalq təşkilatlara bildirmək istəyir ki, Azərbaycan xalqı qüdrətlidir, ordumuz güclüdür, gələcəyimiz işıqlı və xoşbəxtdir:

“Xalqımız Prezidentimizi dəstəkləyir, onunla bir mövqedədir və sözsüz ki, müharibədə olduğu kimi bərpa işində də öz sözlərini deyəcək, qətiyyət göstərəcəklər”.

Teqlər: