Ağdam. Aslan Məmmədli – Trend:
Baramaçılıq kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Ölkənin digər rayonlarında olduğu kimi hazırda Qarabağ bölgəsində də insanlar bu sahə ilə məşğul olurlar.
Artıq bir neçə gündür ki, baramaçılar barama qurdlarını təhvil alıb və indi yemləmə prosesi davam edir. Vaxtilə cəbhə bölgəsi olmasına baxmayaraq, Ağdam rayon sakinləri əvvəlki illərdə də baramaçılıqla məşğul olublar. Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra insanlar bu işi daha həvəslə görürlər.
AzerTimes TV-nin çəkiliş qrupu Ağdamın Mərəşelli kəndində olub, barama qurdu saxlayan bir neçə ailəyə baş çəkib.
Məlumat verilib ki, ipək qurdunun becərilməsi 30-40 gün davam edir. Daha sonra barama toplanır və məntəqələrə təhvil verilir. Bu isə çox qısa müddətdə fermer üçün kifayət qədər gəlir deməkdir. Bir ailə orta hesabla bir ay ərzində iki min manatdan çox pul qazana bilər.
Dövlət bu sahənin inkişafı üçün fermerlərə subsidiyalar və xüsusi güzəştlər də edir.
Barama istehsalı prosesini əks etdirən videopreportajı təqdim edirik: