“Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası keçirilir (FOTO)

Martın 1-dən etibarən Bakının “Fəvvarələr Meydanı”nda “Nargis”
Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə”
xeyriyyə yarmarkasına start verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə,
koronavirus pandemiyası ilə bağlı iki illik fasilədən sonra yenidən
qapılarını Bakı sakinlərinə və şəhərimizin qonaqlarına açan
yarmarkada qurulan evlərin kirayəsindən əldə olunacaq gəlir
müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və
əməliyyat xərclərinin qarşılanması üçün istifadə ediləcək.

Yarmarkanın ərazisində quraşdırılmış evlərdə şirniyyat, sular və
şirələr, milli və xarici mətbəxə aid yeməklər, suvenir və
hədiyyələrin satışı həyata keçirilir. Şəkil çəkdirmək və əylənmək
üçün yarmarkanın ərazisində hər yaşa uyğun oyun zonaları, “Yaz
evi”, Novruz Bayramına aid və digər müxtəlif tematikalı
konstruksiyalar quraşdırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yarmarkanın
təşkilinə dəstək göstərən qurumlardandır. Həmçinin, KOBİA-nın
dəstəyi ilə yarmarkada 20-dən çox əlil və aztəminatlı ailələrdən
olan sənətkarlar, eləcə də mikro sahibkarlar tərəfindən hazırlanmış
müxtəlif qida məhsulları, əl işləri və suvenirlərin satışı təşkil
olunub.

Yarmarka aprelin 10-dək hər gün saat 11:00-dan 23:00-dək
fəaliyyət göstərəcək.

Teqlər: