Torpaq altındakı təhlükə: Azad olunmuş torpaqlara icazəsiz getməyin!

Xəbər - Ceyhun Ələkbərov – Trend:

30 illik vətən və torpaq həsrəti öz dədə-baba yurdlarından didərgin düşmüş şəxslərin və ümumən Azərbaycan xalqının ürəyini yandırıb. Müzəffər Azərbaycan ordusunun 44 günlük müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu və ürəyimizdəki yara sağaldı.

Müharibə artıq bitib, düşmən torpaqlarımızdan çıxıb, ancaq onlar həmin bölgələri tərk edəndə əraziləri minalayıblar. Bu gün də əfsuslar olsun ki, illərdir dədə-baba yurdlarını görməyə tələsən vətəndaşlarımız həmin minaların qurbanına çevrilirlər. Buna səbəb isə bu şəxslərin minalanmış ərazilərə nəzarətsiz şəkildə keçməsi, azad olunmuş ərazilərdə yaradılan postlardan yayınmasıdır.

Bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyev Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovu videokonfrans vasitəsi ilə qəbul edən zaman Azərbayacan vətəndaşlarına müraciət etmişdi ki, onlar azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər.

Bundan əlavə, digər dövlət qurumları, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də sözügedən məsələ ilə bağlı dəfələrlə müraicət ediblər. Buna baxmayaraq, hələ də icazəsiz şəkildə, nəzarətdən yayınaraq azad olunmuş torpaqlara keçən insanlar var.

Hüquq-mühafizə orqanalarının yaydığı məlumata görə, bu günə kimi 124 nəfər icazəsiz şəkildə azad olunmuş ərazilərə keçdiyinə görə saxlanılıb. Onlardan 40 nəfər Ağdam, 84 nəfəri isə Xocavənd rayon polis bölməsinin əməkdaşları tərəfindən aşkar olunublar. Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Həmçinin, 10 noyabr tarixindən bu günə kimi mina partlaması nəticəsində 14 mülki şəxs və o cümlədən, hərbi qulluqçu dünyasını dəyişib. Bu gün də daha 4 hərbçimiz minaya düşərək ciddi xəsarətlər alıb.

Bir daha vətəndaşlarımızı azad olunmuş ərazilərə icazəsiz səfər etməkdən çəkinməyə çağırırıq. Əlbəttə, doğma torpaqlara qayıtmaq, böyüdüyün evi görmək və xatirələri yad etmək bu yerlərin əzəli sakinlərinin haqqıdır. Ancaq səbr etmək lazımdır, bu istəkləri yerinə yetirən zaman digər arzularımızdan da uzaq düşə bilərik…

Teqlər: