Qarabağda bu gün baş verən silahlı gərginliklə bağlı dörd əsas məsələyə diqqət yönəldilməlidir.
AzerTimes xəbər verir ki, bu sözlər Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hazırladığı analiz yazısında qeyd olunub.
Yazıda sözügedən məqamlar aşağıdakı kimi sadalanıb:
“Birincisi, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bundan sonra Qarabağda istənilən ərazidə nəyisə yoxlamağı tələb edə bilərlər (bu, yeni məsələdir və yaxın günlərdə intensivləşəcək).
İkincisi, Qarabağda qanunsuz erməni silahlılarının olması faktı bir daha təsdiqləndi. Bu vəziyyət Azərbaycan Silahlı Qüvvələrini növbəti təmizləmə məqsədli hərbi əməliyyatlara başlamağa sövq edəcək.
Üçüncüsü, Qarabağda separatçı tör-töküntüləri təmsil edən istənilən hərbçi, polis və s. fəaliyyəti qanunsuzdur. Yəqin ki, yaxın vaxtlarda Azərbaycan hakimiyyəti separatçıların “hüquq-mühafizə orqanlarının” fəaliyyətini də qanunsuz hesab edərək, ləğvini tələb edəcək. Yəni qanunsuz silahlı birləşmələrin çıxarılması tələbi ilə yanaşı bu tələb də kəskin şəkildə ortaya qoyulacaq.
Dördüncüsü, Bakı tərəfindən Ermənistandan sərhəddə nəzarət-keçid məntəqəsinin qurulması tələbi ortaya qoyulur. Sözügedən istiqamətdə yaxın vaxtlarda ciddi addımlar atıla bilər. Yəni, hətta günü sabah Azərbaycan əsgərləri silah və cihazlarını götürüb sərhəd xəttində mövqe tuta və oradan keçən bütün vasitələrə nəzarət edə bilərlər”.
Təhlildə həm də Ordumuzun yaxın zamanda genişmiqyaslı anti-terror əməliyyatına başlaya biləcəyi vurğulanıb:
“Dünənki atışmalarda Azərbaycan Silahlı Qüvvələri müəyyən əraziləri nəzarətə götürüb. Amma bu, əhəmiyyətli irəliləyiş deyil. Əslində bununla yaxın günlərdə genişmiqyaslı antiterror əməliyyatı üçün zəminin əsası qoyulub. Uzağı bir həftə ərzində ciddi hadisələr baş verə bilər”.