Tokayevin Rusiyadan uzaqlaşma planı

Tokayevin Rusiyadan uzaqlaşma planı

Qazaxıstanda bazar günü keçiriləcək prezident seçkisində Qasım-Jomart Tokayevin hakimiyyətinin 7 il uzadılacağına heç kim şübhə etmir. Onun bundan sonra ölkəsinin zəngin resursları ilə Rusiyadan asılılığını necə aradan qalıdracağı daha çox diqqət mərkəzindədir. Rusiya və Qazaxıstan dünyanın ən uzun quru sərhədini bölüşür, bu da bəzi qazaxlarda Ukraynadan sonra keçmiş Sovet respublikaları arasında ikinci ən çox etnik rus əhalisi olan bir ölkənin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır. İyun ayında Sankt-Peterburqda keçirilən forumda Tokayev bildirib ki, onun hökuməti Ukraynanın şərqində Rusiyanın nəzarətində olan rayonları tanımır və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qoruyur. Onun sərt ifadələri müşahidəçiləri təəccübləndirib və Rusiya mətbuatında bəzi şərhçilərin qəzəbli hədələrinə səbəb olub. Keçən ay Tokayev Mərkəzi Asiya prezidentlərinin sammitinə ev sahibliyi edəndə digər liderlərlə təkbətək görüşlər keçirdi, lakin münasibətlərin soyuması fonunda Putinlə ikitərəfli danışıqlar olmadı.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Qazaxıstanda yanacağın qiymətinin artması nəticəsində yaranan yanvar iğtişaşlarından sonra Tokayev islahatlar, konstitusiya dəyişiklikləri və minimum əmək haqqının artırılmasını açıqladı, növbədənkənar seçki təyin etdi. Radikal dəyişikliyə olan populyar tələbin fonunda o, bu yaxınlarda Qazaxıstan neftinin ixracını Rusiyadan yayınaraq Xəzər dənizi vasitəsilə qərbə, şimala artırmaq planlarını sürətləndirdi. Qazaxıstan hazırda Rusiyanın ərazisindən Qara dənizdəki Novorossiysk limanına qədər uzanan dünyanın ən böyük boru kəmərlərindən biri olan Xəzər Boru Kəməri Konsorsiumundan çox asılıdır. İldə 68 milyon ton olan ümumi ixrac həcminin 53 milyon tonu Qazaxıstana məxsusdur. Bu həcmi əvəz edəcək heç bir şey olmasa da, keçən həftə yaxın illərdə Transxəzər daşımalarının on dəfə artaraq 20 milyon tona çatdırılması Tokayev hökumətinin Rusiyadan iqtisadi asılılığı məhdudlaşdırmağa çalışdığına ən bariz işarə idi.

Qazaxıstanın Baş naziri Əlixan Smailov bildirmişdir ki, biz ixracın (neftin) şaxələndirilməsi üçün yol xəritəsi hazırlamışıq: “Bütün sahələrdə neft ixracı imkanlarının genişləndirilməsi və artırılması istiqamətində işlər aparılır. Amma bu məqsədə nail olmaq asan olmayacaq”.

Tokayevin sözçüsü isə demişdi ki, Rusiya strateji tərəfdaş olaraq qalır və enerji təchizatı marşrutlarının şaxələndirilməsi planları siyasətlə idarə olunmur.

Xəzər Boru Kəməri Konsorsiumu üçün əsas alternativ marşrut Xəzər dənizinin Qazaxıstandan əks sahilində Azərbaycandan başlayan Bakı-Tiflis-Ceyhan boru kəməridir. Neft həmçinin Bakıdan Gürcüstanın Supsa limanına, oradan isə dünya bazarlarına nəql edilə bilərdi. Amma Qazaxıstan neftinin Bakıya çatdırılması üçün ya tankerlərlə dəniz daşımaları, ya da Transxəzər boru kəmərinin çəkilməsi lazımdır. Mövcud donanma kiçikdir və sahilyanı dövlətlər arasında boru kəməri danışıqları ərazi mübahisələrinə görə onilliklər ərzində dayanıb. 20 milyon ton hədəfə çatmaq üçün hər iki variant lazım olacaq, çünki Xəzərdəki Qazaxıstan limanları lazımi imkanlara malik deyil və belə həcmləri daşımaq üçün tanker parkı yoxdur. Ölkənin Baş naziri keçən həftə Qazaxıstanın 2023-cü ildən başlayaraq BTC vasitəsilə ildə əlavə 1,5 milyon ton neft göndərməklə başlayacağını, tədricən 6-6,5 milyon tona yüksələcəyini bildirib. O, məqsədə necə nail olunacağını dəqiqləşdirməyib. Qazaxıstanın Aktau limanı neft tankerlərini yükləmək üçün təchiz edilmiş yeganə limandır və 5,5 milyon tona qədər yük daşıya bilir. Digər liman Kurık neft daşıyan dəmir yolu bərələrini yükləmək üçün istifadə edilə bilər”, – məlumatda deyilir.

Qeyd olunur ki, Tokayev həmçinin Xəzər dənizinin sahillərində neft anbarlarının tikintisinə çağırıb:

“Bu da boru kəmərlərində nasazlıqların hasilat səviyyəsinə dərhal təsirinin qarşısını alacaq. Ukraynada müharibə başlayandan bəri Rusiya Qərbin sanksiyalarından yan keçmək üçün öz bazarlarını və ticarət yollarını axtardığına görə, keçmiş Sovet İttifaqının beş Mərkəzi Asiya respublikası getdikcə daha çox Moskvanın qarşısında dayanmağa başlayıb. Yüksək rütbəli hökumət rəsmilərindən biri deyib ki, Tokayevin seçkidə sarsıdıcı qələbəsi ona Rusiyadan uzaqlaşmaq üçün cəsarət verə bilər. Adının çəkilməsini istəməyən məmur deyib ki, Tokayev 20 milyonluq ölkəsini himayədarı olmadan idarə edə biləcəyini sübut etmək istəyir. Putin Tokayevi dəstəklədi və KTMT Qazaxıstan liderinin öz təhlükəsizlik qüvvələrinə tam etibar edə bilmədiyi bir vaxtda Qazaxıstana qoşun göndərdi və bu, onun indi Moskvaya borclu qalacağı ilə bağlı tənqidlərə səbəb oldu. Fevral ayında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri onun hərəkətləri əksini göstərir. Qazaxıstan sülh çağırışı etdi və qondarma referendumları tanımaqdan imtina etdi. Hələ müharibədən əvvəl Qazaxıstan Moskvanın 2020-ci ildə Aİİ çərçivəsində vahid valyuta və vahid parlamentin tətbiqi ilə bağlı 5 illik strateji planının bir hissəsi kimi çıxışına müqavimət göstərib. Qazaxıstan hökuməti Rusiya ilə münasibətlərini nəzərdən keçirir, baxmayaraq ki, nəhəng qonşunun hələ də əhəmiyyətli təsir rıçaqları var”.

Teqlər: