Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə iştirak etdiyi imza mərasimində ənənəni pozaraq rusca deyil, qazaxca danışması Rusiya nümayəndə heyətini çox təəccübləndirib.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, Tokayevlə Putin iki ölkə arasında yeni müqavilələrin imzalandığı görüşlərdən sonra birgə mətbuat konfransı keçiriblər. Ənənəni pozaraq rus dilini bildiyi halda çıxışına qazax dilində başlayan Tokayev Rusiya nümayəndə heyətində böyük təəccübə səbəb olub. Rusiya prezidenti tərcümə üçün dərhal qulaqcığını taxıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov və Kremlin sözçüsü Dmitri Peskovun isə tərcümə üçün qulaqcıq axtarması diqqət çəkib. Kremlin sözçüsü Dmitri Peskov da daxil olmaqla bütün Rusiya nümayəndə heyəti Tokayevin çıxışını qulaqcıqla dinləyib. Tokayev çıxışına qazax dilində başlayıb, daha sonra rusca davam edib.
Tokayev çıxışında bildirib ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşı və müttəfiqidir:
“Ümumi tarixin sarsılmaz dəyərləri, daimi dostluq, qarşılıqlı hörmət və etimad əsasında biz bir çox sahələrdə qarşılıqlı maraqların reallaşmasının parlaq nümunəsi olan dövlətlərarası münasibətlər qurmuşuq. Mən fürsətdən istifadə edərək Qazaxıstanın Rusiya ilə çoxşaxəli əməkdaşlığı daha da dərinləşdirmək üçün strateji marşruta sadiqliyini təsdiqləmək istərdim”.
Tokayevin çıxışından sonra Putin Qazaxıstanla müttəfiqlik münasibətlərinə toxunub:
“Biz beynəlxalq məsələləri müzakirə etdik. Biz xüsusilə Qazaxıstanın hazırda sədri olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzərindən əlaqələrimizə diqqət çəkdik. Biz prezidentlə razılaşdıq ki, bütün bu formatların inkişafına birgə dəstəyi davam etdirək və sədrliyi gələn il Qazaxıstana keçəcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində alyansı gücləndirək”.