Tokayev “superprezidentlik”dən imtina etdi

Tokayev “superprezidentlik”dən imtina etdi

Qazaxıstanda 5 iyunda keçirilən referendumda Konstitusiyanın 33 müxtəlif maddəsində 56 dəyişiklik qəbul edildi. Yeni Konstutisiya görə, məhkəmənin sədrini təyin etmək və hakim müavinlərini təsdiq etmək səlahiyyəti dövlət başçısında qalıb. Bundan başqa prezident parlamenti buraxmaq, hökumət üzvlərini və yüksək rütbəli hakimləri vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq hüququnu özündə saxlayıb.

AzerTimes xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin Qazaxıstanda keçirilən Konstitusiya referendum ilə bağlı analizində əksini tapıb.

Mərkəz qeyd edib ki, yeni Konstitusiya ilə Qazaxıstan “superprezident idarəetməsi”ndən yarı-prezident və yarı-parlament üsul-idarəsinə keçib, misal üçün parlament seçkilərində iştirak etmək istəyən partiyalar üçün qeydiyyat həddi 4 dəfə azaldılıb. İndi qeydiyyatdan keçmək üçün partiyalar 20 min yox, cəmi 5 min imza toplamalı olacaqlar. Qazaxıstanda yüksək qeydiyyat həddi müxalifət partiyalarının parlamentə yolunu əngəlləyən əsas problemlərdən biri hesab olunurdu.

“Qasım Jomart Tokayev yanvar olaylarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəyəndə belə ehitmallar var idi ki, bundan sonra Qazaxıstanın Rusiyadan asılılığı artacaq. Ancaq belə olmadı. Misal üçün Qazaxıstan hakimiyyəti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir, əksinə, həm Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini, həm də Qərbin Rusiyaya qarşı sanksiyaları nəzərə aldığını vurğulayır.

Qazaxıstan Çinlə münasibətlərdə də diqqətli olmağa çalışır, bu ölkə ilə ticarət əlaqələrini qaydaya salmağa çalışır. Çünki Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın Çindən iqtisadi zəmində asılılığı Pekinin bu ölkələrə qarşı təzyiqlərinin artmasına gətirib çıxarır. Bundan başqa Pekin Qazaxıstanın bir qrup uyğura sahibləndiyi üçün də Nursultana təzyiq etməyə çalışır.

Qazaxıstanın sabit inkişafı və müstəqil xarici siyasəti türk dövlətləri üçün vacibdir. Qazaxıstan türk dövlətləri, o cümlədən Türkiyə və Azərbaycanla əlaqələrin inkişafına və ortaq layihələrə əhəmiyyət verir. Qasım Jomart Tokayevin mayın 10-da Türkiyəyə ilk rəsmi rəsmi səfəri zamanı iki dövlət arasında 15 sənəd imzalandı. Qazaxıstanda Türkiyə ilə birgə pilotsuz uçuş aparatları istehsal ediləcək. Bu, Türkiyənin Mərkəzi Asiyada hərbi texnika istehsal edəcək ilk mərkəzi olacaq. Birgə müəssisədə pilotsuz uçuş aparatlarının təmiri də həyata keçiriləcək. İki ölkə arasında ticarət həcmi 10 milyard dollara çatdıralacaq. Digər tərəfdən imzalanan sənədlərdə Bakı-Tislis-Qars dəmir yolu ilə daşımaların həcminin 4 dəfə artacağa qeyd edildi. Aktau limanının ticarət imkanları genişləndiriləcək. Bu, Azərbaycan üçün də vacibdir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə Avropa dövlətləri Rusiya ilə dəmiryol əlaqəsində maraqlı deyillər. Buna görə də Çin öz məhsullarını Rusiyadan yan keçən dəmir yolu ilə Avropaya daşımağa başlayıb. Bu yol isə Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən keçir. Bu yolun işlək olması üçün infrastukturun genişlənməsinə, vahid gömrük rusumunun tətbiqinə ehtiyac var.

Qazaxıstan prezidentinin bu ilin sonuna qədər Azərbaycana səfər edəcəyi planlaşdırılır. Bu səfər və imzalanacaq yeni sazişlər iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək”, – təhlildə qeyd edilib.

Teqlər: