Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisi davam edir (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra
olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən
biri 80.7 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil
yoludur.

Agentlıikdən Trend-ə verilən məlumata görə, Göygöl və Kəlbəcər
rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3
hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq
inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və
qayalıq olması nəzərə alınaraq, yolun əsas hissəsinin 2 zolaqlı,
yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi aparılır. Tunel və
körpü hissələrdə isə yol 4 hərəkət zolaqlı olacaq.

Hazırda yolun 12-13 və 26-28 km-lik hissələrində torpaq
yatağının, həmçinin zəruri nöqtələrdə suötürücü boruların tikintisi
davam edir. 2 hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi
ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-cı km-lik
hissədəisə yeni su kanalının inşası davam etdirilir.

Bundan başqa layihə üzrə mövcud çay yataqlarının köçürülməsi 660
metr olmaqla yekunlaşıb. 132 metrlik daş divar və 360 metr uzunluğu
olan istinad divarının tikintisi üzrə işlər aparılır, 250 metr
uzunluğa malik geosentetik divar üzrə tikinti işləri isə son
mərhələdə icra olunur.

Layihənin 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır
və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq
Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş
istiqaməti üzrə 1400, gəliş istiqaməti üzrə isə 1200 metr olmaqla
qazma işləri tamamlanıb.

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar
və avtomobillər üçün nəzərdə tutulan və hər birinin uzunluğu 21
metr olan 2 ehtiyyat keçidinin tikintisi də yekunlaşıb.

Hazırda tuneldə partlatma və qırıcı üsulları ilə qaya
qruntlarından ibarət hissələrin kənarlaşdırılması, suyun
kənaşdırılması üçün drenaj işləri və püskürtmə üsulu ilə
tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir. Ümumilikdə
tunel üzrə işlərin 25%-i yerinə yetirilib.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi
çərçivəsində uzunluğu 542, eni 12 metr olan Tunel 1-də də tikinti
işlərinə başlanılıb. Artıq tunelin giriş və çıxış hissəsində
ümumilikdə 175 metr qazma işləri icra olunub.

Həm yol boyu, həm də tunellərdə tikinti işləri Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti
altında “İnşaat Norma və Qaydaları”na əsasən yüksək səviyyədə
aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin 2025-ci ilədək
yekunlaşdırılması məqsədi ilə Agentlik tərəfindən əraziyə lazımi
sayda qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl
rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun
ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış
məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə
qədər rahat gediş-gəlişi təmin edəcək.

Teqlər: