TKTA xarici diplomların tanınması ilə bağlı vətəndaşlara çağırış edib

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının (xarici diplomların) tanınması prosesini Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, diplomların tanınması prosesi 0 təmas prinsipi ilə elektron qaydada icra edilir.

Qeyd olunub ki, lakin bəzi hallarda xarici diplomların tanınması prosesində vətəndaşlar vasitəçi şirkətlərin xidmətlərindən istifadə edərək mənfi hallarla üzləşirlər: “Belə hallarla rastlaşmamaq üçün vətəndaşları diqqətli olmağa və elektron qaydada yalnız TKTA-ya müraciət etməyə səsləyirik”.

Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

“Daha ətraflı məlumat üçün vətəndaşlara www.tkta.edu.az rəsmi internet səhifəsinə və ya taninma.az keçidinə müraciət etmələrini tövsiyə edirik”, – deyə TKTA-dan bildirilib.

Twitter: @cingizsafarli

Teqlər: