2000-ci illərin əvvəlində Bakı şəhərində yenidənqurma, o cümlədən nəqliyyat infrastrukturunun qurulmasında böyük bir bum yaşanırdı. Bunun əsas hissəsi şəhərin genişləndirilib abadlaşdırılması, nəqliyyat infrastrukturunun yenilənməsi, xüsusilə də yolötürücülər, körpülər, tunellər və digər əhəmiyyətli mühəndislik qurğularının tikilməsi idi. Əlbəttə, Bakı şəhərinin inkişafı bununla bitmədi. Əvvəlki illərlə müqayisədə xarici və daxili miqrasiya hesabına və digər formada əhali dəfələrlə böyüdüyü üçün görülən işlər tələbatı ödəmədi.
Bu sözləri AzerTimes-a nəqliyyat eksperti Aslan Əsədov Bakı şəhərindəki tıxacların çox olması haqda danışarkən deyib.
“Bakıda tramvay və trolleybusların olmaması, daha konkret desək, qəsəbə və rayonları bir-biri ilə birləşdirən xətlərin zəif olması problemlərə səbəb olur. Lakin bu hallar problemin belə qalmalı olduğu anlamına gəlmir. Düşünürəm ki, bu və digər məsələlər ətrafında dövlətin konkret proqram və layihələri olacaq. Lakin pul sərf etmədən də nəqliyyatın hərəkətini təşkil etmək mümkündür. Belə ki, marşrutlar arasındakı əlaqələri daha bağlantılı etmək və Bakı şəhəri ətrafındakı qəsəbələri şəhər daxilinə inteqrasiya olmadan nəqliyyat mübadilələrini aparmaq lazımdır. Məsələn, bu gün Abşeron rayonunun mərkəzi ilə qəsəbələrini birləşdirən vahid marşrut xətti yoxdur. Varsa da, sayı məhduddur yaxud axşam saatlarında müntəzəm olaraq çalışmır”, – ekspert bildirib.