Son illərin müşahidəsi göstərir ki, Rusiyada şovinizmin avanqard gücü erməni separatizmi ilə bağlı olanlardır. Kremlin əsas dezinformasiya ruporlarından olan Marqarita Simonyana və Vladimir Solovyova digər ermənipərəst jurnalist Tina Kandelaki də qoşulub. Bir müddət əvvəl onu Rusiyanın TNT kanalına elə ona görə rəhbər təyin ediblər ki, Kremlin “mesajlarını” müxtəlif ünvanlara çatdırsın.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Tina Kandelakiyə Qazaxıstana girişə qadağa qoyulması haqda qeyd edib.
Politoloq bildirib ki, siyasətdən başı çıxmayan Tina Kandelaki keçmiş illərdə Qarabağ separatçılarına informasiya dəstəyi verirdi, biz Qarabağ səhifəsini bağladıqdan sonra yeni hədəf seçib:
“Tina Kandelaki son statuslarında Qazaxıstanı və qazaxları aşağılayıb, “manqurd” ifadəsindən belə istifadə edib. Kandelakini qəzəbləndirən budur ki, niyə Qazaxıstanda qazax dili rus dilini sıxışdırmağa başlayıb. Rus şovinistləri SSRİ-nin dağıldığını və müstəqil dövlətlərin müstəqil siyasət yürütməsini hələ də həzm edə bilmirlər. Qazaxıstanda hansı dildə danışmalıdırlar? Dövlətin qanunu var, hamı ona riayət etməlidir. Qazaxların çoxu rus dilində sərbəst danışır, ancaq öz dilləri var, yer adlarını dəyişməkdə də sərbəstdirlər”.
E.Şahinoğlu bildirib ki, əslində Ukraynaya qarşı işğalçı müharibəyə başlayan şovinist düşüncə tərzi Qazaxıstan kimi dövlətlər üçün də təhlükədir:
“Qazaxıstan müstəqilliyini gücləndirməklə yanaşı türk dünyasının formalaşmasına və inteqrasiyasına marağını artırmaqla da şimaldan gələn təhlükədən sığortalana bilər”.
Qeyd edək ki, Tina Kandelakinin Qazaxıstana girişinə qadağa qoyulub.