Tikintidə can qoyan insanların mükafatlandırılmasını istəyirəm – usta ilə söhbət

“Əsl usta danışanda yox, işləyəndə özünü bəlli edir” deyib atalar. Elə insanlar da var ki, gördüyü işlərdən saatlarla danışsa yorulmaz. Belə həmsöhbətlərimizdən biri Saatlı rayonunun Mustafabəyli kəndində anadan olan İmran ustadır. İmran Abuşov peşə fəaliyyətinə kənddə başlayıb. İlk işi də təhsil aldığı orta məktəbdə olub. Sonralar məcburi köçkünlər üçün tikilən binalarda, müxtəlif layihələrdə işləyib. Peşəkar olaraq bu sahədə 2008-ci ildən fəaliyyət göstərir. Sənəti tamam yad ustalardan öyrənib: “Yaxınlarımdan, qohumlarımdan heç kim tikintidə işləməyib. Müxtəlif ustalardan öyrənmişəm. Yəni hər işi bir ustadan mənimsəmişəm. Həm bənnalıq, həm də suvaqçılıq edirəm, ümumiyyətlə tikintinin bütün sahələrini bacarıram. Artıq işin elə bir mərhələsinə gəlib çıxmışam ki, elə olub nəzarət də etmişəm tikinti prosesinə”.

Ali təhsil almaq İmran ustanın arzusu olsa da, reallaşdıra bilməyib. Buna səbəb isə orta məktəb illərinin müharibə və ondan sonrakı dövrə düşməsi olub: “Orta təhsilimi aldığım illərdə ölkəmiz müharibədən təzə çıxmışdı, imkansızlıq vardı. Həm də bizim rayon ən çox məcburi köçkün qəbul edən rayonlardan idi. Məktəblərin bir çoxunda məcburi köçkünlər məskunlaşdı, sıxlıq yarandı. Ona görə nə orta təhsilimi yaxşı ala bildim, nə də ali təhsil ala bildim. Məcburən tikinti sahəsinə yönəldim. Şükür, dolanırıq buradan. Düzdür, indi iş azdır, həm ümumi vəziyyətlə əlaqədar olaraq, həm də fəsilə bağlı. Amma vəziyyət normal olanda iş də olur, dolanışıq da normal olur”.

Hazırda Bakıda dövlət sifarişi ilə aparılan tikintidə işləyir. Dövlət Sərhəd Xidmətinin məktəbəqədər müəssisəsində aparılan təmir işlərində hömsöhbətimizin də payı var.

İki övladı – bir oğlu, bir qızı var. Oğlu 10-cu, qızı 9-cu sinifdə oxuyur. Hər ikisi ali məktəbə qəbul olmaq üçün xüsusi hazırlaşır. İmran usta oğlunu təhsilə meyilləndirmək üçün xüsusi bir metoda əl atıb: yayın isti günlərində özü ilə iş üstünə aparıb. Dediyinə görə, o ağırlığı görəndən sonra oğlu daha həvəslə başlayıb hazırlaşmağa: “Həm də bir neçə il taekvando idman növü ilə məşğul olub. Bir neçə dəfə yarışların qalibi olub, həm məktəb, həm rayon miqyasında, həm də digər yarışlarda. Ən çox xoşladığı yarış 2016-cı ildə Tovuzda olub, orada I yeri qazanıb. Tovuzda cəbhə bölgəsində Sərhəd Qoşunlarına aparılıb və avtomatla tanışlıq olub. Ondan bəri elə hey o xatirəsini danışır. Hardasa 10-a yaxın medalı, 20-yə yaxın fəxri fərmanı var. Övladlarımın hər ikisinin oxumağa həvəsi var, inşallah, ümid edirəm ki, hər ikisinin təhsili uğurlu olacaq. Oğlum elə inşaat sahəsinə maraq göstərir, qızım isə həkim olmaq istəyir”.

İşğaldan azad edilən torpaqlarda həm işləmək, həm də dillərdə dastan olan o səfalı yerləri gəzmək, görmək ən xoş arzularındandır: “Bir himə bəndəm ki, oradakı tikinti-quruculuq işlərinə qoşulum”.

İmran usta söhbət əsnasında çox maraqlı bir arzusunu da dilə gətirdi: “Tikinti sahəsində uzun illər çalışan, can qoyan, peşəkarlıq nümayiş etdirən insanlar var. Mən istəyirəm onlar dövlət tərəfindən fəxri adlarla təltif edilsin. Norm Ustalar Klubu layihəsi bu baxımdan bizim əməyimizə böyük qiymət verir”.

Saatlıda və digər rayonlarda məcburi köçkünlər üçün tikilən binaların bir çoxunun inşasında iştirak edib: “Tərtərdə tikdiyimiz binaları televiziyada göstərəndə gördüm ki, ermənilərin bombardmanı nəticəsində dağılıb. Ona baxanda çəkdiyimiz zəhmətin necə puça döndüyünü gördüm, çox pis təsir etdi mənə. Müraciət etdim səfərbərliyə, bildiyiniz kimi, yaş məhdudiyyəti vardı, gedə bilmədim. Amma nə zaman lazım olsa, gücümüz çatan qədər şəhidlərimizin ailələrinə, qazilərimizə dəstək olmağa, hər cür yardımı etməyə hazırıq”.

Norm Ustalar Klubu “Norm” şirkəti tərəfindən 2016-cı ildə inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.

Teqlər: