“Xarici agentlər haqqında” qanun layihəsi Gürcüstanda böyük ictimai narazılıq doğurub. Əsas səbəb isə odur ki, beynəlxalq təşkilatların Cənubi Qafqaz üzrə nümayəndəlikləri Tiflisdə yerləşir. Bütün regional ofislərin demək olar ki, hamısı buradadır və bu sahədə minlərlə insan çalışır. Eyni zamanda ənənəvi diplomatik korpusla yanaşı, sözügedən ofislərin rəhbərləri, onların köməkçiləri və s. də Gürcüstanda yaşayır. Bu da minlərlə xarici vətəndaş deməkdir. Yəni qanun layihəsi geniş kütlələrə birbaşa təsir edir.
Bu sözləri AzerTimes-a Gürcüstanda baş verən son proseslərlə bağlı danışan siyasi şərhçi Fərhad Məmmədov deyib.
Siyasi şərhçi müxalifətin iqtidarı istefaya məcbur etmək gücünün olmadığını, etirazların zamanla səngiyəcəyini bildirib:
“Eyni zamanda ABŞ və AB də “Xarici agentlər haqqında” qanun layihəsinə çox ciddi mənada qarşıdır. Nəzərə almaq lazımdır ki, etirazın siması yoxdur, yəni hansısa siyasi partiya və ya lider ona rəhbərlik etmir. Ona görə xaotik xarakter daşıyır. Artıq qanun layihəsi geri götürülüb. Fikrimcə, bir müddət sonra etirazlar səngiyəcək. Hazırkı məqamda isə müxalifət prosesi öz xeyrinə dəyişmək üçün cəhdlər edir. Lakin onların hökuməti istefaya göndərəcək qədər təsir gücünə və sosial bazaya malik olduğunu düşünmürəm. Əgər belə olsa idi, onlar Saakaşvili ilə bağlı məsələdə sonadək mübarizə aparardılar. Artıq hökumət də bəhs etdiyimiz qanun layihəsini geri çəkərək hakimiyyəti qorumaq üçün əsas addımı atıb”.