Gürcüstan Kiyev hakimiyyətinin gürcü xalqına qarşı hərəkətlərindən narahatlığını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin bəyanatında deyilir.
“İki ildir ki, Gürcüstan Ukrayna dövləti və xalqı ilə həmrəyliyini ifadə edir, həmçinin Rusiyanın dost ölkəmizə hərbi təcavüzünü pisləyir. Tiflis beynəlxalq platformalarda Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi nəzərdə tutan və Rusiyanın hərbi təcavüzünü pisləyən 600-dən çox qərara rəsmən qoşulub”, – bəyanatda deyilir.
Qeyd olunur ki, bunun fonunda Ukrayna hakimiyyətinin iki xalqın ənənəvi dostluğuna kobud şəkildə zidd olan bəzi qərarları təəssüf və narahatlıq doğurur:
“Bu yaxınlarda Ukrayna nümayəndə heyətinin tərkibinə Gürcüstanın keçmiş ədliyyə naziri, bir sıra cinayət işlərinə görə vətənində qiyabi məhkum olunmuş Zurab Adeişvili Almaniya və Brüsseldə yüksək səviyyəli görüşlər keçirib. 2022-ci il martın 1-də Kiyev Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən və Ukraynaya könüllülər göndərməkdən imtina etməsi səbəbindən Tiflisdəki səfirini geri çağırıb”.
Gürcüstan həmçinin Ukraynanı həbsdə olan eks-prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı qərəzli baxışına görə Kiyevin 2023-cü il iyulun 3-də Gürcüstan səfirini ölkədən çıxarmaqda ittiham edir. Tiflis Ukrayna Baş prokurorunun müşaviri olan Adeişvili ilə yanaşı, Gürcüstan sabiq daxili işlər nazirinin müavini Georgi Lortkipanidzenin də yüksək vəzifədə çalışmasından narahatlığını ifadə edib:
“O, Ukrayna əks-kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsini tutur. Onun barəsində vətənində cinayət işi açılıb”.