Tiflis iqtisadi artımda Bakını niyə üstələyir?

Tiflis iqtisadi artımda Bakını niyə üstələyir?

Azərbaycanda hazırkı rəqəmlər yüksək olduğundan artım tempinin aşağı düşməsi gözləniləndir.

Bu sözləri AzerTimes-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Beynəlxalq Valyuta Fondunun 2023-cü ildə Gürcüstan üçün 4%, Ermənistan üçün 3,5%, Azərbaycan üçün 2,5% iqtisadi artım proqnozlaşdırmasını şərh edərkən deyib.

“Azərbaycanda ÜDM həcmi Cənubi Qafqaz respublikalarının ən böyüyüdür. Bu rəqəm Gürcüstanla Ermənistanın birgə ÜDM rəqəmlərindən də yüksəkdir. Mümkün deyil ki, daim yüksək olan ÜDM rəqəmlərinin üzərində həmişə kifayət qədər ciddi templərlə artım müşahidə olunsun.

İkinci səbəb odur ki, Azərbaycanda neft və qaz sektorunun ÜDM-də payı yüksəkdir. Bizdə də neft hasilatı ilbəil azalır. Neft hasilatının obyektiv səbəblərə görə azalması ÜDM rəqəmlərinin artımını da azaldır.

Üçüncü səbəb qeyri-neft sektorunun arzuladığımız sürətlə inkişaf etməməsidir. Baxmayaraq ki, hökumət bununla bağlı müəyyən addımlar atır, amma bu, yetərli deyil. Biznes mühitinin o qədər də açıq və şəffaf olmaması buna təsirini göstərir. Nəticə etibarı ilə Gürcüstana investisiyaların daha çox qoyulduğunu müşahidə edirik. Bunlar da ÜDM artımına təsir göstərən amillərdir”, – ekspert vurğulayıb.

O bildirib ki, Azərbaycanın iqtisadi artım tempini gücləndirmək üçün daha sərt addımlara ehtiyac var:

“Bu addımlar da təbii ki, qeyri-neft sektorunun daha da inkişafı və xarici investorları cəlb etmək üçün əlavə qanunvericilik bazasının təkmilləşdirilməsindən keçir. Əgər qanunvericilikdə vacib dəyişikliklər aparılarsa, Azərbaycan Cənubi Qafqazda iqtisadi artım tempində də lider olacaq”.

Teqlər: