Tibbi yardım çantasının içərisində nələr olmalıdır?

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin
rəisi, təcili yardım həkimi Nərgiz Kərimova “Həkim məsləhəti”
rubrikasında “Tibbi yardım çantasının içərisində nələr olmalıdır?”
sualını cavablandırıb.

Hər bir evdə tibbi yardım çantaları var. Amma biz bu çantalardan
düzgün istifadə edirikmi? Heç kim hər hansı qəzalardan, başına gələ
biləcək hadisələrdən sığortalı deyil. Hər an narahatlıq hiss edə
bilərik, hərarətimiz, qan təzyiqimiz qalxa bilər, travmalar ala
bilərik. Belə olan hallarda özümüzə ilk yardım göstərməliyik. Bu
zaman köməyimizə əlimizin altında olan tibbi yardım çantaları
gəlir.

Bu səbəbdən hər bir evdə tibbi yardım çantasının olması
mütləqdir. Tibbi yardım çantasının içərisinə steril bint, elastik
bint, pambıq, jqut və plastırlar daxil edilməlidir. Bundan başqa,
tibbi çantada yanıqlara və yaralara ilkin yardım üçün pantenol,
3%-li peroksid, dezinfeksiya üçün spirt məhlulu olmalıdır. Eyni
zamanda, çantaya qrip üçün olan dərman preparatlarını, burun
damcılarını əlavə etməliyik.

Bu tibbi yardım çantası evdə əlçatan və günəş şüalarının
olmadığı quru yerdə, lakin uşaqların götürə bilməyəcəyi yerdə
saxlanmalıdır. Çantaya dərmanlar alınarkən çalışmaq lazımdır ki,
istifadə müddəti uzun olsun. Həmçinin, tibbi yardım çantasında olan
dərmanları 3 aydan bir nəzərdən keçirməyi, vaxtı keçmiş
preparatları yeniləmək lazımdır.

Bununla bağlı videosüjeti Mərkəzi Gömrük Hospitalının “youtube”
kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirk: https://youtu.be/EBA4FC25ubU

Teqlər: