Tibbi xidmətlər peşəkar tibbi kadrlar tərəfindən göstərilməlidir – Agentlik sədri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Vətəndaşların tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsi təmin edilməlidir.

AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə Birləşmiş Şəhər Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə Gəncə şəhərinə etdiyi səfər zamanı deyib.

Z.Əliyev tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqi istiqamətində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlərin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılmasının vacibliyini vurğulayıb.

İcbari tibbi sığorta ilə bağlı hazırlıq işlərinin aparılması məqsədilə yaradılan Agentliyin İşçi Qrupunun rəhbəri Könül Ələkbərov bildirib ki, tibb müəssisəsinə gün ərzində təxminən 2500-2700 nəfər müraciət edir. Bütün vətəndaşlara icbari tibbi sığorta çərçivəsində vaxtında lazımi tibbi xidmətlər göstərilir.

Onun sözlərinə görə, İşçi Qrupunun dəstəyi ilə xəstəxananın ərazisində Kəpəz Ailə Sağlamlıq Mərkəzi qurulub: “Ailə Sağlamlıq Mərkəzi ilkin səhiyyə xidmətinin təşkili məqsədilə 54 275 nəfərə xidmət göstərir.


Onlardan 11 880-ni uşaqlardır. Həmçinin xəstəxananın qəbul şöbəsinin bazasında Təcili yardım şöbəsi yaradılıb. Xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub”.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanası, Akademik Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanası, Kardioloji Xəstəxana, 1 nömrəli Uşaq Poliklinikası, 4 nömrəli Uşaq Poliklinikası və Göygöl Rayon Mərkəzi Xəstəxanasında olub.

K.Ələkbərov Göygöl Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlər barədə sədrə məlumat verib: “Xəstəxanada Təcili yardım şöbəsi, Ailə Sağlamlıq Mərkəzi, Terapiya şöbəsi, Cərrahiyyə şöbəsi, Hemodializ şöbəsi və s. fəaliyyət göstərir. Xəstəxanada informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə də işlər görülüb. Proqram təminatı və yeni qeydiyyat sistemi qurulub, xəstəxana internetə çıxış və kompüter avadanlıqları ilə təchiz olunub. Nəticədə xəstəxanada göstərilən tibbi xidmətlərin düzgün qeydiyyatının aparılmasına nail olunub”.

Teqlər: