Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var – Yaqut Qarayeva

Xəbər - Çingiz Səfərli – Trend:

Tibbi tullantılar çox böyük problemdir. Tibbi tullantıların ayrılması əsasən xəstəxana daxilində baş verir və bu, infeksiyaya nəzarət proqramının işidir.

AzerTimes xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bizim məsuliyyətimiz tibbi tullantını xəstəxanada doğru ayırmaqdır – infeksion olub-olmaması, məişət, yoxsa tibbi tullantı olması və s.

“Xəstədən gələn hər bir tullantı infeksion sayılır. Xəstəxananın ofis, idarəetmə hissələrində yaranan tullantılar isə qeyri-infeksion, məişət tullantıları hesab edilir. Bundan əlavə olaraq, xəstəxanada kəsici, dəlici tullantılar da var. Bunlar böyük risk daşıyır. Məsələn, adi bir iynənin dezinfeksiya edilsə belə deşilən torbaya qoyularaq zibil qabına atılması, sonradan həmin zibili yığışdıran, toplayan şəxs üçün risk mənbəyidir. Ona görə də kəsici, deşici alətlərin atılması zamanı xüsusi, deşilməyən plastik qablardan istifadə olunmalıdır” – deyə, Qarayeva vurğulayıb.


Yaqut Qarayeva, həmçinin tullantıların daşınmasında da ciddi problemlərin olduğunu deyib: “Bütün dünyada bu, başqa bir qurum tərəfindən həyata keçirilir. Məsələn, Türkiyədə tibbi tullantıları bələdiyyə daşıyır, bu, xəstəxananın işi deyil. Hər bir xəstəxananın topladığı tullantıları özünün utilizasiya etməsi başqa problemə səbəb ola bilər. Bunun ekoloji problemləri var, bu tullantılar harada utilizasiya olunur, doğrumu edilir? Ona görə də dünyada belə bir sistem yoxdur. Uzağı, xəstəxana özü toplayır, müvəqqəti saxlamaq üçün xüsusi standartlara uyğun yer hazırlayır”.

Teqlər: