Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu
imzalayıb.
Sənədə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda 15-11.8-ci maddə aşağıdakı redaksiyada
verilir:
“15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan
aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi
tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən
vaxtda ödənilir.”;
16-4.4-1-ci maddədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz
edilir. Bu Qanunun 1.2-ci maddəsi 2022-ci il yanvarın 1-dən tətbiq
edilir.
Beləliklə, Bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid
hissələrində 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-cü il yanvarın
1-dən qüvvəyə minəcək. Həmin maddələrdə isə aşağıdakılar nəzərdə
tutulur:
– İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa
ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi
xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə
məbləği ödəməlidir.
– Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi
xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi
bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət
etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.