Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Stomatologiya ixtisasları üzrə qəbul qaydaları açıqlanıb (VİDEO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Stomatologiya ixtisasları üzrə 2021/2022-ci tədris ili üçün qəbul qaydaları açıqlanıb.

Trend Müdafiə Nazirliyinə istinadən həmin qaydaları təqdim edir:

I.ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti:
Hərbi tibb ixtisası – 6 il
Stomatologiya ixtisası – 5 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilirlər.

II. SƏNƏDLƏRİN QƏBULU:


Hərbi tibb və Stomatologiya ixtisasları üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi Tibb Fakültəsində təhsil almaqdan imtina etdikləri halda, Azərbaycan Tibb Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.

III. HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:

Namizədlər Hərbi Tibb Fakültəsində hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Hərbi tibb və Stomatologiya ixtisasları üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Hərbi Tibb Fakültəsinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.
Hərbi Tibb Fakültəsinə Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək, Stomatologiya ixtisası üzrə qəbul olmuş şəxslər 3-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.
Hərbi Tibb Fakültəsinə Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər təhsil müddətində 4-cü kursadək (Stomatologiya ixtisası üzrə qəbul olmuş şəxslər 3-cü kursadək) ayda 75 AZN, son 2 ili isə ayda 181 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək.

Teqlər: