Xəbər - Elçin Mehdiyev – Trend:
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayır.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, qeydiyyat iyulun 16-dan 22-dək internet vasitəsi ilə aparılır.
2021-ci ilin iyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər də http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi avqustun 4-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə sentyabr ayında keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılırlar.
İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün iyulun 16-dan 22-dək ərizə verə bilərlər.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2021, səh. 2).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.