Mayın 28-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin yarımfinal mərhələsi start götürüb.
AzerTimes-ın məlumatına görə, bu gün şahmatçılar yarımfinalın dörd partiyadan ibarət birinci dövrəsində üz-üzə gəliblər. Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsen ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb.
Digər yarımfinal oyununda isə Rusiya təmsilçisi Yan Nepomnyaşi ABŞ şahmatçısı Uesli Soya məğlub olub.
“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” olacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.