Tezliklə yeni Ağdamda görüşəcəyik – Qayıdışı gözləyən köçkünlər (Trend TV-nin REPORTAJI)

Ağdam. Aslan Məmmədli. Trend:

Azərbaycanın işğalçı Ermənistan üzərindəki Şanlı Qələbəsindən sonra azad edilmiş ərazilərimizdə sürətli tikinti və yenidənqurma işlərinə başlanılıb. Vaxtilə ata-baba yurdlarından didərgin düşmüş və uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız indi səbirsizliklə öz torpaqlarına qayıtmağı gözləyirlər.

Hazırda Ağdamın Bənövşələr qəsəbəsində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri AzerTimes-ın Qarabağ bürosuna bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir neçə gün əvvəl müasir Ağdamın təməlini qoyması onlar üçün əvəzedilməz qürur və sevinc hissi yaşadıb. Ağdamlılar doğma şəhərlərinin və digər yaşayış məntəqələrinin sürətlə bərpa edilməsini fəxrlə qiymətləndirirlər.

Məcburi köçkün adı üzərindən götürülən Xudaverdi Quliyev bildirib ki, köçkünlüyün ilk illərində çox əziyyətlər çəkiblər. Amma tədricən dövlət onlara hərtərəfli şərait yaradıb: “Burada hər bir şəraitimiz var. Dövlətimiz daim arxamızda olub. Amma biz öz doğma şəhərimizə – Ağdama qayıtmağı gözləyirik. Var olsun Ali Baş Komandanımız və ordumuz! Bizə böyük Qələbə bəxş etdilər. Torpaqlarımız azad edildi. Ağdam yenidən tikilir, daha müasir və gözəl olacaq! Bizə quruca torpaq da bəs edər, təki öz ata ocağımıza qayıdaq”

Vaxtilə Ağdam şəhərindən məcburi köçkün düşən Səkinə Niftəliyeva isə qeyd edib ki, torpaqlarımızın işğalçılardan təmizlənməsi onlara sözlə ifadə edilə bilməyəcək qürur yaşadır: “Prezidentimiz torpaqlarımızı qaytardı, bizə bir ömür boyu xoşbəxtlik bəxş etdi. İndi hamımız bir nəfər kimi elimizə, yurdumuza qayıtmağı gözləyirik. İnanırıq ki, tezliklə yeni Ağdama qayıdacağıq və orada görüşəcəyik”.


Uzun illər vətən həsrəti ilə yaşayan Roza Ədilova da öz ata yurduna qayıtmağı həsrətlə gözləyir: “Dövlətimiz burada bizə hər şərait yaradıb, sağ olsun ölkə rəhbərliyi. Amma biz doğma Ağdama qayıtmaq istəyirik və tezliklə bu sevinci də yaşayacağımıza əminik”.

Videomaterealı təqdim edirik.

Teqlər: