Azərsu Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
AzerTimes xəbər verir ki, qəbuldan əvvəl Azərsu ASC sədrinin birinci müavini Teyyub Cabbarov və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından və Gəncə şəhərindən 47 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən Azərsu ASC sədrinin birinci müavini T. Cabbarov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyacı olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.